Mikayıl Cabbarovdan vergi mədəniyyəti haqqında SƏMİMİ AÇIQLAMA

Mikayıl Cabbarovdan vergi mədəniyyəti haqqında SƏMİMİ AÇIQLAMA

Fevralın 13-də Vergilər Nazirliyi təşkilatçılığı ilə keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Konfransda çıxış edən Vergilər Naziri Mikayıl Cabbarov vergi mədəniyyəti haqqında da danışıb: "Əgər Siz hesab edirsiniz ki mən mübaliğə edirəm, yadınıza salın nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir.  Dövlətin, vətəndaşın və sahibkarım maraqları bir-birinə uyğun gəlməlidir. Qanunu eyni cür və bütün vergi ödəyicilərinə tətbiq etmədən qanunçuluğa əməl edilməsini və iqtisadiyyatının inkişafını təmin etmək mümkün deyil. Bazar iqtisadiyyatı şəraitində bazarın ayrı-ayrı iştirakçılarına seçmə yolu ilə verilən hətta ən kiçik güzəştlər bütün iqtisadiyyatın rəqabətliliyinə təsir göstərir və işğuzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir.   
Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü biruzə verir. Qanunsuz olaraq vergi ödəməmək hüququ əldə edən dükanın mövcudluğu ona gətirib çıxaracaq ki, oradakı qiymətlər rəqib dükanlardan daha aşağı olacaq, müştərilər ona üz tutacaq və qanuna əməl edən dükanlar istər-istəməz bağlanacaqlar. Orada işləyən insanlar isə iş yerlərini itirəcək, özlərini və ailələrini dolandırmaq məqsədi ilə sosial yardım almaq üçün dövlətə müraciət etməli olacaqlar.
Məhz buna görə bazar iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsi təkcə vergilər naziri və vergi işçiləri üçün deyil, hər bir vətəndaş üçün vacib olmalıdır. Məhz buna görə hər bir xərclədiyimiz manat legal iqtisadiyyatda dövriyyə etməlidir. Məhz buna görə kassa çekinin tələb edilməsi əyib sayılmamalıdır.
Mən gözəl anlayıram ki, mənim çıxışımdakı misallar və çağırışlar artıq formalaşmış adətlərin və vərdişlərin dəyişməsi ilə bağlıdır. Onlar rahatlıqla qəbul olunmur, çünki həmin vərdişlərin dəyişməsini tələb edir. Yəqin ki, evinizin altında yerləşən dükanın satıcısı sizin qonşunuzdu və ondan alınan çörəyə görə kassa çeki tələb etmək qonşuluq münasibətlərinə xələl gətirə bilər. Lakin, həmin anda Siz yadınıza salsanız ki, vergilər nəyə xərclənir, yəqin ki bu qərarı qəbul etmək Sizin üçün daha asan olacaq. Vergilər bizi və torpaqlarımızı müdafiə edən ordunun saxlanılmasına, uşaqlarımızın gəzdiyi küçə və parklarının işıqlandırılmasına, onlara təhsil verən müəllimlərin əməkhaqqına və məktəblərin təmirinə xərclənir. Onlar həmçinin bir və ya hər iki valideyni itirmiş uşaqların və onların təhsil aldığı müəssisələrin saxlanılmasına, orada çalışan işçilərin əməkhaqqına sərf olunur, bu xərclər bütövlüklə ödədiyimiz və ya çek istənilməsini əyib saydığımız halda ödəmədiyimiz vergilər hesabına formalaşır. Ona görə də bizim yalnız bir yolumuz var və biz bu yolu birgə keçməliyik."
 

0 Komment

    Şərh yazın

    Xəbərlər