Müəssisənin fiziki şəxsdən (təsisçi və s.) borc alması qanuna zidddir?

Müəssisənin fiziki şəxsdən (təsisçi və s.) borc alması qanuna zidddir?

Vergilər Nazirliyi təcrübədə istifadə olunan təsisçidən borc və bununla bağlı vergi məsələsinə aydınlıq gətirir
 
Sual: 1. Hüquqi şəxs fiziki şəxslərdən borc müqaviləsi ilə faizli cəlb etdiyi vəsaitlərə görə ödədiyi faizlər gəlirdən cıxılan xərclərə aid edilirmi? 
2. Hüquqi şəxs fiziki şəxslərdən borc müqaviləsi ilə faizli vəsaitlər cəlb etməsi hansısa qanuna zidd deyil ki?
Rəcəb Hüseynov, [email protected]
Cavab: Bildiririk ki, borc müqaviləsinə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 
 
Kreditlərin verilməsi isə bankların və bank olmayan kredit təşkilatının fəaliyyətinə aid edilərək xüsusi razılıq tələb edən fəaliyyət növlərinin siyahısına daxil edilmişdir. Müvafiq olaraq da fiziki şəxs tərəfindən ona məxsus pul vəsaitlərin faiz ödəmək şərti ilə digər şəxsə verilməsi qanunun tələblərinə uyğun deyildir.
 
Bununla belə, qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir.
 
Bu baxımdan da, belə şəxsə faizlər ödəyən vergi ödəyicisi ödəmə mənbəyində hesablanmış faizdən vergini tutmalı, bəyan etməli və büdcəyə ödəməlidir.
 
Bunlarla yanaşı, Vergi Məcəlləsinin 110-cu maddəsinə əsasən xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
 
Bax: Vergi Məcəlləsinin 66-cı, 108-ci, 110-cu və 123.1-ci maddələri, Mülki Məcəllənin 739-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziyalaşdırma Qaydası” və Azərbaycan Respublikasının 16.01.2004-cü il tarixli, 590-IIQ nömrəli “Banklar haqqında” Qanunu.

0 Komment

    Şərh yazın

    Xəbərlər