Vergi orqanlarından muzdlu işçi səbəbindən gələn kameral məktublarla bağlı 3 VACİB MƏSƏLƏ

Vergi orqanlarından muzdlu işçi səbəbindən gələn kameral məktublarla bağlı 3 VACİB MƏSƏLƏ

Vergi ödəyiciləri bu tip məktublara  necə cavab verilməlidir?
 
Rüblük hesabatlar təqdim olunduqdan sonra mühasiblərin gözləri kameral məktubun gəlib-gəlmədiyini öyrənmək üçün on-line kargüzarlığa dikilir. Bu yazımızda praktikada daha çox rast gəlinən, muzdlu işçilərin sayı ilə bağlı kameral məktublardan bəhs edəcəyik. 
 
1) Muzdlu işçilərlə bağlı hansı tip kameral məktublar gəlir?
 
Praktikada həmkarlarımızın ən çox rastlaşdıqları aşağıdakı hallarla bağlı məktublardır:
a) Aylar üzrə işçi sayında azalma olduqda;
b) İşçilərin aylar üzrə cəmi əmək haqqı məbləğinin baza üzrə məbləğində fərq yarandıqda.
Kənarlaşma artım üzrə olduqda məktub gəlmir, vergi orqanları yalnız azalma üzrə kameral məktub göndərirlər. Bu da ondan irəli gəir ki, belə məsələlər vergi orqanlarında proqramlaşdırıldığından, azalma zamanı vergi ödəyicinə avtomatik olaraq hazırlanan kameral məktub göndərilir.
 
2) Muzdlu işçilərlə bağlı kameral məktublara hansı cavablar verilməlidir?
 
İşçilərin sayının azalması halı ilə bağlı misala baxaq. Tutaq ki, müəssisədə oktyabr ayı üzrə 3 işçi olduğu halda, noyabr ayında 1 işçi işdən çıxıb. Bu halda mütləq kameral məktub gələcək. Vergi orqanları dəqiqləşdirilməmiş bəyannamə tələb etsələr də, cavab verilərkən, azalma haqqında izahatla yanaşı, işçinin azad olmasının sübüt edən sənədlərin (ərizə, əmr, SSN və s.) göndərilməsi daha uyğundur. Təbii ki, mexaniki səhv olaraq işçiləri sayı az göstərilibsə, bu zaman həmin dövr üzrə dəqiqləşdirilmiş bəyannamə göndərilməsinə ehtiyac yaranacaq. 
Bəzi hallarda isə, işdən azad olunmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında işçinin əmək müqaviləsinə xitam verilmədiyindən bu cür problemlər yaranır. Bu zaman, həmin işçinin əmək müqaviləsinə xitam verildikdən sonra, izahat məktubu və xitamla bağlı bazadan çıxarışı vergi orqanına göndərmək məqsədəuyğundur.
Əmək haqqının fərqli olması halları müxtəlif səbəblərdən ola bilər. Misal üçün, işçinin əmək haqqında azalma, ödənişli və ya ödənişsiz məzuniyyətdən istifadə hallarına görə məbləğ dəyişikliyi olduğu zaman kameral məktublar gəlir. Təcrübəmizdə elə hal olub ki, işçi avqust və sentyabr aylarında məzuniyyət hüququndan istifadə etdiyinə görə, əmək haqqı məbləğləri üzrə avqust ayında azalma olsa da, sentyabr ayında artım olub. Buna baxmayaraq, vergi orqanları avqust ayındakı əmək haqqı azalmasını əsas tutaraq, avtomatik olaraq kameral məktub göndəriblər. Cavaba gəlincə,  izahat məktubu ilə yanaşı, məzuniyyət sənədlərini göndərmək məqsədəuyğundur.
 
3) Muzdlu işçilərin sayında azalma olmayanda kameral məktub gəlirsə, səbəb nədir?
 
Bəzi hallarda işçi sayında azalma olmadığı halda belə vergi orqanlarından kameral məktub gəlir. Məktubun məzmunundan aydın olur ki, vergi orqanına təqdim edilən işçi sayı və ya cəmi baza əmək haqqı ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bildiriş bazası arasında uyğunsuzluq var, yəni az sayda əks olunub. 
Maraqlıdır ki, əgər vergi orqanları ilə ƏƏSMN-nin bildiriş bazası eynidirsə, niyə fərq yaransın? Təcrübəmizdə olub ki, səyyar vergi yoxlaması zamanı müəyyən tarixə olan bazadakı işçi sayı ilə vergi orqanındakı işçi sayı arasında fərqlilik yaranıb. ƏƏSMN-nin bildiriş bazasından çıxarış təqdim etməyimizə baxmayaraq, vergi orqanları öz bazalarındakı məlumatın dəqiq olduğunu bildiriblər. Uzun müzakirələrdən sonra qərara gəldik ki, vergi idarəsinə gedib işçi sayını bir-bir üzləşdirək.  Üzləşdirmə zamanı məlum oldu ki, vergi orqanları birbaşa bazadan yox, ƏƏSMN-nin onlara təqdim etdiyi və vergi orqanlarının bazasına əlavə edilən kənar fayldan istifadə edirlər. Bu zaman bəzi hallarda əmək müqaviləsinə edilən dəyişiklik halı işçi sayının artımı kimi qəbul olunub. Məhz bu səbəbdən oxşar kameral məktublara cavab zamanı izahlı məktubla yanaşı, ƏƏSMN-nin bazasından çıxarışı da göndərmək lazımdır.
 
----------------------------------------------------------------------------------------------------------------------------------
 
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
 
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub. Üstəlik Əmək və Əhalinin sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.
Çatdırılma pulsuzdur. 
Kitab iki iş günü ərzində çatdırılır.
Kitabın satış qiyməti 12 (on iki) manatdır.

0 Komment

    Şərh yazın

    Xəbərlər