Mikayıl Cabbarov Vergilər Naziri təyin olundu
Həmkarlarımızın yeni təyinatdan gözləntiləri
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fazil Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Digər sərəncama əsasən, Fazil Məmmədovun əvəzinə isə hazırki təhsil naziri Mikayıl Çingiz oğlu Cabbarov təyin olunub.
Yeni vergi naziri haqda
Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olmuşdur.
Təhsil
1992-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır.
1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.
Əmək Fəaliyyəti
Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlamış, 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərmişdir.
2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirmişdir
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilmişdir.
Evlidir, 2 övladı var.
0 Komment
Şərh yazın