Hüquqi şəxsin ləğvi prosesi: A-DAN Z-YƏ
Vergilər Nazirliyindən hüquqi şəxsin ləğvi ilə bağlı suala izahlı cavab
Salam! Hüquqi şəxsin ləğvi üçün hansı sənədlər və nə vaxt vergi orqanına təqdim olunmalıdır? Həmçinin müəssisənin (hüquqi şəxsin) balansında daşınan və daşınmaz əmlak varsa, bu halda müəssisə ləğv olunduqda hansı şəkildə vergi ödənilməlidir? Bundan başqa ləğv edilmiş hüquqi şəxsin balansında olan daşınmaz əmlakın təsisçinin adına rəsmiləşdirilməsi hansı qaydada aparılmalıdır? Əvvəlcədən təşəkkür edirəm.
Vasif Tağıyev
Cavab: Bildiririk ki, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
Hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə hüquqi şəxs ləğv edildikdə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir.
Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi) təyin edilir, ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.
Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.
Kommersiya hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində təsisçi yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfindən imzalanmış ərizəyə ləğvetmə qərarını, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, Vergilər” qəzetində hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü əlavə etməklə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.
Təqdim edilmiş sənədlər qanunvericiliyə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir.
Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün müvafiq vergi orqanına ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədi, hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əslini və üzərində “ləğv prosesindədir” yazılmış möhürü təqdim etməlidir.
Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra müvafiq vergi orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, ərizəni aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir.
Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.
Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır.
Hüquqi şəxsin ləğv edilməsi iştirakçıların həmin hüquqi şəxsdəki iştirak paylarının təqdim edilməsi sayılmır, bir şərtlə ki, ləğvetmənin əsas məqsədinin vergidən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.
Eyni zamanda, təsisçi fiziki şəxsə iştirak payın müqabilində verilən əmlakın dəyəri dividend sayılmır.
Daşınmaz əmlakın dövlət reyestrində təsisçinin adınakeçirilməsi barədə məlumat almaq üçün isə Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməyinizi tövsiyə edirik.
“VERGİ QANUNVERİCİLİYİ TOPLUSU” 2015 kitabı mart ayından satışda
Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi -2015 - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2014-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izahı;
• Vergi Qanunvericiliyi ilə bağlı sənədlər,
• Vergi Qanunvericiliyinə dair 30 aktual sualın cavabı
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını- ELEKTRON FORMADA
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
2 Komment
Rashad 18 May 2020
Salam. Qapali Sehmdar Cemiyyetlerin leqv prossesi nece heyata kecirilir?
KROKURS-97 MMC 14 Sentyabr 2020
ləğvetmə qərarın yazılış qaydasıni bilmək istəyirəm
Şərh yazın