Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni sədr
Yeni sədr 1980-cı ildə anadan olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub”. Bunu Modern.az-a açıqlamasında Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev dedi.
Nazirlik rəsmisi bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmrinə əsasən, Əlizadə Fuad Rəhim oğlu Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, F.Əlizadə 26 mart 1980-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetinin Filologiya (ingilis dili) fakültəsini, Naxçıvan Dövlət Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə olub.
2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsində böyük məsləhətçi, 2005-2013-cü illərdə Fondun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri vəzifələrində işləyib. 14.11.2013-cü il tarixdən bu vaxtadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli 2478 saylı Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Rus və ingilis dillərində sərbəst danışır.
Evlidir, 2 övladı var.
0 Komment
Şərh yazın