Vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla bağlı XƏBƏR
"İndiyədək keçirılmiş 8 belə müsabiqə nəticəsində vergi xidmətinə 977 nəfər gənc kadr işə qəbul olunmuşdur. Bu vergi xidməti əməkdaşlarının təxminən 42 faizi deməkdir"
Martın 12-də Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilmişdir.
Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov yeni işə qəbul olunmuş gəncləri salamlayaraq onlara uğurlar arzulamışdır. İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan nazir müavini əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Gəncliyi ilə bağlı iki mühüm dövlət proqramının təsdiq edildiyini, bu konseptual sənədlərin müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafı üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırmışdır.
S.Məmmədxanov bildirmişdir ki, Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu əsasında keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanıdır. İndiyədək keçirılmiş 8 belə müsabiqə nəticəsində vergi xidmətinə 977 nəfər gənc kadr işə qəbul olunmuşdur. Bu vergi xidməti əməkdaşlarının təxminən 42 faizi deməkdir. Hazırda vergi orqanlarında çalışanların 40 faizindən çoxunu yaşı 35-dən aşağı olan gənclər təşkil edir. Onların arasında qadınların sayı da ildən-ilə artmaqdadır.
Vergi xidməti əməkdaşlarının fəaliyyətinin özəlliklərindən söz açan nazir müavini, Vergilər Nazirliyində kadrların sonrakı hazırlığı və təkmilləşdirilməsi məqsədilə insan resurslarının inkişafı üzrə konsepsiyadan danışmış, gənc kadrlara öz tövsiyyələrini vermişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın şöbə müdiri Afaq Hüseyn, Təhsil Nazirliyinin əlavə təhsil sektorunun müdiri Zöhrab Kəlbəliyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdiri Arzu Bağırov tədbirdə çıxış edərək gənclərə hər cür şərait yaradılmasının Azərbaycan Respublikasının gənclər siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, Vergilər Nazirliyinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmiş və gənclərə uğurlar arzulamışlar.
Tədbirdə çıxış edən gənc mütəxəssis Gülnar Mirzəyeva işə qəbul prosesində yaradilmış şəffaf şəraitdən razılığını bildirmiş, gənclərin işlə təmin olunması sahəsində dövlətimizin diqqət və qayğısına cavab olaraq, vergi xidməti əməkdaşının üzərinə düşən məsuliyyətli vəzifələri şərəflə daşıyacaqlarına söz vermişdir.
Tədbirin sonunda işə təyin olunmuş yeni kadrlara xidməti vəsiqələr təqdim edilmişdir.
0 Komment
Şərh yazın