Təhsil Nazirliyindən müəllimlərin iş yerləri ilə bağlı YENİLİK

Təhsil Nazirliyindən müəllimlərin iş yerləri ilə bağlı YENİLİK

"Buna görə də onların bir daha imtahan vermələrinə ehtiyac yoxdur"

Azərbaycanda ilk dəfə olaraq bu il orta məktəb müəllimlərinin işə qəbulu üzrə iyun ayında müsabiqəyə başlamazdan əvvəl yalnız iş yerlərinin yerdəyişməsi üçün vakansiyalar elan ediləcək. Trend-in məlumatına görə, bunu bu gün Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası"nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunmuş "dəyirmi masa"da çıxış edən nazirliyin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, iş yerini dəyişmək istəyən bütün müəllimlərə şərait yaradılacaq. Yerdəyişmə edəcək müəllimlər yenidən imtahan verməyəcəklər, çünki onlar artıq orta məktəblərdə müəllim işləyirlər: "Buna görə də onların bir daha imtahan vermələrinə ehtiyac yoxdur. Onlar elektron müraciət əsasında yerlərini dəyişəcəklər".

Nazirlik rəsmisinin sözlərinə görə, yerini dəyişmək üçün bir vakant yerə bir neçə müəllim müraciət edə bilər. Bu zaman konkret meyarlar üzrə qiymətləndirmə aparılacaq və onun nəticəsinə əsasən müəllimin yerdəyişməsi həyata keçiriləcək. Bu meyarlar onların elektron ərizələrində göstəriləcək. Həmin meyarlar onların təhsil səviyyəsi, sertifikatları, yaşayış yerinə daha yaxınlığı və s.-dir.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə deyib ki, hər bir regionda olduğu kimi, Azərbaycanda da orta məktəblərdə problemlər var. Bunlar əsasən istilik problemi, məktəbə hazırlıq və s. problemlərdir. A.Əhmədov bu problemlərin zaman keçdikcə öz həllini tapacağına ümid etdiyini deyib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər