700 bal toplayan Tovuzun Bozalqanlı kəndindəki abituriyentdən maraqlı açıqlama
Nərmin Murğuzova: "Heç kim deməsin ki, kənd məktəbidir deyə, yuxarı bal toplaya bilmərəm"
Modern.az III ixtisas qrupu üzrə 700 bal toplamış 4 abituriyentdən daha birini - Nərmin Murğuzovanı təqdim edir.
Murğuzova Nərmin Sahib qızı Tovuz rayonu, Bozalqanlı kəndindəki Y.Sadıqov adına orta məktəbi bitirib. 700 bal toplamış N. Muğuzova bu nəticəni əldə etməkdə valideynlərinin, qohumlarının, müəllimlərinin mənəvi köməyinin böyük rolu olduğunu qeyd edib.
“Özüm də buna inanırdım və əldə etdim” - deyə o, Modern.az-a bildirib.
Bölgələrdə, xüsusilə kənd məktəblərində təhsilin aşağı olması fikri ilə razılaşmayan Nərmin vurğulayıb ki, insan harada olmasından asılı olmayaraq qarşısına məqsəd qoyubsa, buna nail olacaq.
“Məktəbimizdən də razıyam. Kənd məktəbi olsa da çox sağ olsunlar hər bir şərait yaradıblar. Heç kim deməsin ki, kənd məktəbidir deyə, yuxarı bal toplaya bilmərəm. Məqsəd olsa, istəyə çatmaq olar”.
N. Murğuzova adının gümüş medal alacaq namizədlər siyahısına salındığını bildirib. O da yüksək nəticə göstərən digər abituriyentlər kimi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində oxumaq istəyir.
“Təhsilimi Azərbaycanda davam etdirəcəyəm. Xarici ölkədə oxumaq fikrim yoxdur. Düzdür, xaricdə daha böyük imkanlar var, amma insan istəsə və qabiliyyəti varsa, burada da böyük nailiyyətlər əldə etmək mümkündür”.
Uşaqlıqdan təhsilə böyük həvəsi olduğunu deyən N. Murğuzova qeyd edib ki, bu onun iki il hazırlaşmağının deyil, tam 11 illik zəhmətinin bəhrəsidir.
Millət vəkili Qənirə Paşayeva da bu gün yüksək nəticə göstərən Nərmin Murğuzova ilə görüşüb.
Qeyd edək ki, keçən il II ixtisas qrupu üzrə Qazax rayonun Ürkməzli kənd sakini Səfərov Orxan Arif oğlu da 700 bal toplayaraq kənd məktəbinin adını tanıtmışdı.
0 Komment
Şərh yazın