Fiziki şəxsdən qeydiyyatdan keçdikdən sonra nələri mütləq etməlidir?
DSMF qeydiyyatı, post-terminal və işçi sayını necə tənzimlədir?
Sual: Salam. Mən fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirəm. Elektron qeydiyyatdan keçərək vergi ödəyicisi nömrəsi almışam. Bundan sonrakı növbəti addımlar barədə məlumatları haradan ala bilərəm? Yəni DSMF-da qeydiyyatdan keçməliyəmmi? Fəaliyyət göstərdiyim ərazinin sahəsi işçilərin sayına təsir göstərirmi və s.
Bəşirova Gülçən
Cavab: İlk növbədə bildiririk ki, vergi orqanında vergi uçotuna alınmış fiziki şəxs barədə məlumat vergi orqanı tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilir və bu səbəbdən də Sizin DSMF-dən qeydiyyatdan keçməyiniz tələb olunmur.
Vergi orqanında vergi uçotuna alındıqdan sonra növbəti addımlarınız isə həyata keçirmək istədiyiniz fəaliyyətin xüsusiyyətlərindən asılıdır. Belə ki, vergi ödəyicisi kimi fəaliyyətinizi hər hansı təsərrüfat subyekti (obyekti) vasitəsi ilə həyata keçirdiyiniz halda (ofis, mağaza və s.). Bunun üçün tərəfinizdən həmin təsərrüfat subyektinin yerləşəcəyi vergi orqanına “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” (mülkiyyət hüququnu təsdiq edən sənəd və icarə müqaviləsi əlavə edilməklə) ilə müraciət edilməlidir. Müraciətin nəticəsi olaraq vergi orqanı tərəfindən onun uçota alınmasını təsdiq edən və təsərrüfat subyektinin kodunu əks etdirən arayış veriləcəkdir.
Təsərrüfat subyektində (obyektində) əhali ilə hesablaşmalar nağd qaydada aparılacağı təqdirdə NKA (Vergi Məcəlləsinin 16.1.8-ci maddədəki fəaliyyət növləri istisna olmaqla), mövcud qanunvericiliyə əsasən pos-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edildiyi halda isə həmin təsərrüfat subyektində (obyektində) POS-terminal quraşdırılmalıdır.
İşçilərin sayına gəldikdə isə bildiririk ki, vergi ödəyicisinin əmək müqaviləsini bağladığı şəxslərin sayı ərazisinin sahəsindən deyil, işəgötürən şəxsin göstəriləcək fəaliyyətinin xüsusiyyətlərindən asılıdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın