Milli Məclis sahibkarlıq sahəsində yoxlamaların tənzimləyən qanunu qəbul etdi

Milli Məclis sahibkarlıq sahəsində yoxlamaların tənzimləyən qanunu qəbul etdi

Millət vəkili: "Yoxlama adı gələndə sahibkarları titrəmə tutur...."

Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi ikinci və üçüncü oxunuşda qəbul edilib.

Müzakirələr zamanı söz alan müxalif deputat Fazil Mustafa qanunun yaxşı niyyətlə hazırlanmasına baxmayaraq real vəziyyəti dəyişdirməyəcəyini söyləyib: “Sahibkarlar yenə də rayonlarda təmir-bərpa işlərinə vəsait xərcləməyə cəlb olunacaqlar. Mülkiyyət toxunulmazlığı hansı səviyyədədir? Kimsə icazəsiz sahibkarlıqla məşğul ola bilərmi? Azərbaycanda inhisarçılıq aradan qaldırılmalıdır. Bir neçə sahədə inhisarçılıq qala bilər, ancaq parçadan iynəyə, meyvəyə qədər bütün sahələrdə inhisarçılığın olması yolverilməzdir”.

Deputat Zahid Oruc deyib ki, yoxlama adı gələndə sahibkarları titrəmə tutur: “Çünki yoxlamalar başqa məqsədlər daşıyır. Korrupsiyaya qarşı mübarizə tədbiri kimi bu qanunun qəbulu mühümdür”.

Deputat Sabir Rüstəmxanlı sahibkarlığın nəzarətsiz buraxıldığı halda millətə ziyan vura biləcəyini vurğulayıb: “Son vaxtlar Bakıda müxtəlif yerlərin, etnik qrupların adlarının yazıldığı papaqlar, digər əşyalar satılır. İndiki vaxtda üzərində ləzgi, talış yazılmış papaqlar satışa çıxarılırsa, bu, sual doğurur. Müvafiq qurumlar araşdırsın ki, bu papaqlar haradan gəlir”.

Deputat Qüdrət Həsənquliyev deyib ki, kənd təsərrüfatı və emal müəssisələri Azərbaycanın tələbatını ödəmir: “Biz satış mağazalarına diqqət yetirsək, görərik ki, satılan ərzaq məhsullarının əksəriyyəti xarici məhsullardır. Çünki əhalinin yerli məhsullara inamı yoxdur. Müzakirəyə çıxarılan qanunda qeyd olunur ki, yuxarı risk qrupuna daxil olan müəssisələrdə 6 ayda bir dəfə yoxlama aparılır. Ancaq yeyinti məhsullarının keyfiyyəti hər gün dəyişə bilər, bu, elektrik naqili deyil. Müvafiq qurumlara səlahiyyət verməliyik ki, istənilən vaxt belə müəssisələrdə yoxlama keçirə bilsinlər. Biz belə məsələlərdə sahibkarların yox, əhalinin maraqlarını əsas götürməliyik. Qanun mütərəqqidir, ancaq yeyinti məhsulları ilə bağlı yoxlamalar məsələsinə yenidən baxılmalıdır”.

Spiker Oqtay Əsədov bildirib ki, Azərbaycanda yeyinti sənayesi sürətlə inkişaf edir: “Keyfiyyətsiz məhsul rəqabətə dözməyəcək. Digər tərəfdən, növbədənkənar yoxlamalar da keçirilə bilər”.

Bununla da növbədənkənar sessiya başa çatıb.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər