İqtisadi İnkişaf Nazirliyi reklamda seçmə sərbəstliyinə təsir edən amil aşkarladı..
Şirkətə nə az, nə çox - 1 784 484 manat maliyyə sanskiyası tətbiq etdi...
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı “Blend-a-med” diş məcunu, “Oral-B” diş fırçası və “Always-Ultra” qadın bezlərinin reklamlarında istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə edildiyi müəyyən olunub.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar həmin reklamların sifarişçisi olan “Engin LTD” MMC-yə qanunsuz reklamların yayımının dayandırılması barədə göstəriş verilib və reklamların mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib.
Yol verilmiş qanun pozuntusu ilə əlaqədar “Engin LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və müvafiq məlumatların təqdim edilməsi “Engin LTD” MMC-dən tələb edilib.
İşə baxılarkən müəssisə tərəfindən antiinhisar orqanına düzgün olmayan məlumatların təqdim edildiyi müəyyən edilib.
İstehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə, habelə antiinhisar orqanına düzgün olmayan məlumatlar təqdim etdiyinə görə “Engin LTD” MMC-yə 1784 484 manat maliyyə sanksiyası tətbiq edilib.
0 Komment
Şərh yazın