Prezident yol hərəkəti ilə bağlı hansı dəyişiklikləri təsdiqlədi?
Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər barədə sənədlər imzalandı
Prezident İlham Əliyev Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri imzalayıb. “Media forum” saytı xəbər verir ki, Cinayət Məcəlləsinə 263-1-ci maddə əlavə edilib. Yeniliyə görə, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması halında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək.
Bir nəfərin ölüm halında eyni əməllərə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə, iki və ya daha çox şəxsin ölümü halında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin nasaz vəziyyətdə istismarına, ona normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə cərimələr 50 manatdan 150 manata qaldırılıb.
“Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, yalnız yaşı 60-dan yuxarı olan insanlar sürücülük vəsiqəsini dəyişən zaman sağlamlıq haqqında tibbi arayış alacaqlar. Yeni avtomobillər istehsal olunduqdan 4 il sonra texniki baxışdan keçəcəklər. Texniki baxış 1 il yox, 2 ildən bir olacaq. İstehsalından 10 il ötəndən sonra isə avtomobil hər il texniki baxışdan keçəcək.
0 Komment
Şərh yazın