2013-cü ildə kimlərin maşınlarını texniki baxışdan keçriməməsi təsdiq olundu

2013-cü ildə kimlərin maşınlarını texniki baxışdan keçriməməsi təsdiq olundu

Prezident "Yol hərəkəti haqqında" AR Qanuna dəyişikliyi təsdiq etdi

Prezident “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib. Qeyd edək ki, dəyişikliklərdə nəzərdə tutulur ki, tramvayların və trolleybusların, traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinin, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinin, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinin, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin və avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə texniki baxış ildə bir dəfə keçirilir.
Bu nəqliyyat vasitələri istehsal olunduğu vaxtdan bir il müddətində texniki baxışdan keçirilməyəcəklər.
Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışdan keçirilməsi təklif olunur. Nəqliyyat vasitələrinin istehsal olunduğu vaxtdan dörd il müddətində texniki baxışdan keçirilməməsi təklif olunur.


Dəyişikliyin tam mətni:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin 18-ci bəndində “dövri” sözü “qanunla müəyyən edilmiş hallarda” sözləri ilə əvəz edilsin.
2. 14-cü maddədə “dövlət” sözündən əvvəl “qanunla müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin.
3. 30-cu maddə üzrə:
3.1. II hissənin 3-cü bəndində “texniki baxışdan” sözlərindən əvvəl “qanunla müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin;
3.2. VI hissə aşağıdakı redaksiyada verilsin:
“VI. Nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir:
1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə - ildə bir dəfə;
2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin VI hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla):
istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə;
istehsal olunduqları vaxtdan on il keçdikdə - ildə bir dəfə.”;
3.3. Aşağıdakı məzmunda VI-II hissə əlavə edilsin:
“VI-II. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur:
1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri - istehsal olunduğu vaxtdan bir il müddətində;
2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu maddənin VI-II hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) - istehsal olunduğu vaxtdan dörd il müddətində.”;
3.4. VII hissənin 4-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“4) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə qəbzi;”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2013-cü il.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər