Vergilər Naziri Nazirlər Kabinetinində iclasında maraqlı statistik göstəricilər açıqladı
"Büdcəyə daxil olmuş 4 milyard 670 milyon manat vəsaitin 2 milyard 840 milyon manatı Dövlət Neft Fondunun, 1 milyard 524 milyon manatı Vergilər Nazirliyinin, 290 milyon manatı isə Dövlət Gömrük Komitəsinin hesabına təmin edilib"
«Azərbaycanda strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə 2,6 faiz artaraq 48 milyard ABŞ dollarına çatıb ki, bu da 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir». APA-nın məlumatına görə, vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi çıxışda bunları bildirib.
Nazir 2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsinin mədaxilinin 131 faiz yerinə yetirildiyi barədə məlumat verib. «Büdcəyə daxil olmuş 4 milyard 670 milyon manat vəsaitin 2 milyard 840 milyon manatı Dövlət Neft Fondunun, 1 milyard 524 milyon manatı Vergilər Nazirliyinin, 290 milyon manatı isə Dövlət Gömrük Komitəsinin hesabına təmin edilib. Dövlət büdcəsinin xərcləri 4 milyard 515 milyon manat təşkil edib. İqtisadi təsnifata uyğun olaraq cari ilin 3 ayı ərzində dövlət büdcəsi xərclərinin 25,8 faizi və ya 1 milyard 164 milyon manatı sosial təyinatlı xərclərin - əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərclərinin maliyyələşdirilməsinə ayrılıb», deyə o əlavə edib.
F.Məmmədov regionlar üzrə daxilolmaların son 10 ildə 11,8 dəfə artdığını, 2013-cü ilin birinci rübündə 20 min 885 sayda qeydiyyata alınan vergi ödəyicisinin 65,5 faizi regionların payına düşdüyünü bildirib.
Vergilər nazirinin məlumatına görə, 2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərclərinə 1 milyard 913 milyon manat öönəldilib ki, bu da 2011-2012-ci illərin birinci rübündə üst-üstə istifadə olunmuş 1,5 milyard manat vəsaitdən 413 milyon manat və ya 27,5 faiz çoxdur.
Nazir bildirib ki, ölkədə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturun tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kredit hesabına 181 milyon manat məbləğində vəsait xərclənib: «Özəl sektorun inkişafının sürətləndirilməsi və həmçinin iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə 2013-cü ilin birinci rübü ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 606 sahibkara 81,3 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına da 2380-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Güzəştli kreditlərin 50,2 faizi aqrar sahənin, 49,8 faizi isə müxtəlif sənaye sahələrinin inkişafına yönəldilib. Son 9 ayda 56 mindən artıq vergi ödəyicisi üzrə 190 mindən yuxarı rəsmiləşdirilməmiş iş yerləri rəsmiləşdirilib. Cari ilin 1 aprel tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə 589,9 milyon manat, o cümlədən bu ilin ilk 3 ayında 35,2 milyon manat məbləğində fərdi birdəfəlik ödənişlər edilib».
Fazil Məmmədov dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə dövlətimizin başçısının tapşırıqlarına əsasən İKT sisteminin təkmilləşdirilməsi, xüsusilə “ASAN xidmət” şəbəkəsinin genişləndirilməsi, nağdsız əməliyyatların stimullaşdırılması və digər məsələlərlə bağlı görülən işlər barədə də məlumat verib.
0 Komment
Şərh yazın