İbtidai sinif müəllimlərin qəbulu ilə bağlı Fərqli 2 baxış
TQDK rəsmisi Təhsil Nazirliyinin fikri ilə razılaşmır
Azərbaycan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ibtidai sinif müəllimi olmaq istəyənlər üçün ali məktəblərə qəbul zamanı musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənlərindən qabiliyyət imtahanlarının keçirilməsini təklif edir.
Təhsil Problemləri İnstitutundan bazar ertəsi Trend-ə verilən məlumata görə, "İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfindən aparılmasının mümkünlüyünün müqayisəli təhlili" mövzusunda aparılmış tədqiqat işinin yekunlarına əsasən, ibtidai siniflərdə fənlərin bir müəllim tərəfindən tədrisi təlimin keyfiyyətinə müsbət təsir göstərir.
Ancaq əksər orta məktəblərin ibtidai siniflərində fənlər bir müəllim tərəfindən deyil, bir neçə müəllim tərəfindən aparılır. İbtidai siniflərdə fənlərin bir müəllim tərəfindən tədris edilməsi isə təlimdə inteqrativliyə əlverişli şərait yaradır, müəllimə işini müasir təhsilin əsas prinsiplərinə uyğun qurmasına kömək edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə Trend-ə bildirib ki, ali məktəblərə qəbul üçün hazırlanmış qəbul planına uyğun olaraq, ali təhsil müəssisələrində musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənlərinin hər biri üzrə ayrıca kadr hazırlanır. Bu ixtisaslar üzrə qəbul aparılarkən qabiliyyət imtahanları da keçirilir.
Nağızadə bildirib ki, hazırda hər üç ixtisas üzrə ayrıca kadr hazırlığı aparılır. Buna görə də ibtidai sinif müəllimi olmaq istəyənlər üçün qeyd edilən fənlərdən qabiliyyət imtahanlarının keçirilməsinə də ehtiyac yoxdur və hələlik belə bir məsələ nəzərdə tutulmayıb.
0 Komment
Şərh yazın