Vergilər Nazirliyindən ticarət mərkəzləri ilə bağlı yeni açıqlama
Ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların ödədiyi icarə haqqı və kommunal xərclər vergi ödənişlərini əvəz etmir, iş adamları bu xərclərlə yanaşı dövlət büdcəsinə qanunda nəzərdə tutulmuş vergiləri də ödəməlidir. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi auditi Departamentinin rəisi Habil Məmmədov bildirib.
Onun sözlərinə görə, sahibkarlarla ticarət mərkəzlərinin rəhbərliyi arasında icarə müqavilələri bağlanmalı və buna görə icarə haqları ödənilməlidir. Bundan başqa, sahibkarlar ticarət mərkəzlərində kommunal haqları ödəyirlər. Bura mərkəzin fəaliyyəti üçün tələb olunan enerji, mühafizə və s. xərclər aiddir. Amma bu ödənişlərdən heç biri vergini əvəz eləmir. «Nə icarə müqaviləsinə, nə də kommunal xidmətlərə görə ödənilən məbləğ vergi deyil. Yəni, icarə haqqı və kommunal haqları ödəməsi sahibkarı vergi öhdəliklərindən azad etmir. Sahibkar onları ödəməklə yanaşı, özünün gəlirindən vergi də ödəməlidir», - deyə Nazirlik rəsmisi vurğulayıb.
Əgər vergi ödəyicisi ƏDV ödəyicisidirsə, o mənfəət vergisi bəyannaməsi də verməlidir və bu zaman iş adamı rəsmi ödədiyi kommunal və icarə haqlarını öz xərcləri kimi hesablayır və onun ödəyəcəyi gəlirlər hesablananda bu, nəzərə alınır. Sadələşdirilmiş sistemlə fəaliyyət göstərən iş adamları isə öz əməliyyatlarını kassaya vurmalı və çeklər üzrə yaranan dövriyyədən 4%-lik (Bakı şəhərində) vergi ödəməlidir.
0 Komment
Şərh yazın