TQDK-dən magistraturalarına keçirilən qəbul imtahanının keçid balları ilə açıqlama
2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən keçid ballarında hər hansı dəyişiklik edilməyib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, keçid ballarının hər il aşağı salınması şərt kimi qoyulmayıb. Onun sözlərinə görə, bu il magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə keçid balları aşağı salınmayıb və əvvəldən nəzərdə tutulduğu qaydada qalıb: “Belə ki, magistratura üzrə ixtisaslar qrupunda birinci mərhələnin nəticəsinə qoyulan minimal tələblər fərqlənir. Təhsil, texniki və texnoloji, səhiyyə, rifah və xidmət ixtisasları qrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa) üzrə birinci mərhələnin nəticəsinə əsasən minimal tələb 40 bal, Humanitar və sosial ixtisaslar qrupu üzrə minimal tələb 50 bal, Təbiət, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə minimal tələb 45 bal, Mədəniyyət və incəsənət, kənd təsərrüfatı, bədən tərbiyəsi və idman, hərbi və dövlət müdafiəsini idarəetmə, hərbi idarəetmə ixtisasları üzrə isə minimal tələb 30 bal müəyyənləşib. Birinci mərhələnin nəticəsinə əsasən, yalnız bu minimal həddi ödəyən bakalavrlar magistraturaya qəbul imtahanının ikinci mərhələsinə buraxılıb”.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də keçiriləcək. Magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq.
0 Komment
Şərh yazın