Vergilər Nazirliyi işə qəbulla bağlı statistikanı açıqladı

Vergilər Nazirliyi işə qəbulla bağlı statistikanı açıqladı

42 vakant vəzifə üçün neçə nəfər namizəd kadr ehtiyatına daxil edilib?

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsi başa çatıb. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, sayca 8-ci olan bu müsabiqədə iştirak etmək üçün 2367 nəfər qeydiyyatdan keçərək elektron ərizə ilə müraciət edib, 229 nəfərin ərizəsi yaş hədləri, ixtisasları uyğun olmadığından qəbul edilməyib, 2138 nəfər müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanıb.

Namizədlərdən 1716 nəfəri 2 dekabr 2012-ci il tarixdə vergi xidmətinə işə qəbulla bağlı keçirilən test imtahanında iştirak edib, onlardan 541 nəfər namizəd növbəti mərhələyə buraxılıb.

Vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş iş planına uyğun olaraq müsabiqənin 2-ci mərhələsi - namizədlərlə müsahibə keçirilib. Müsahibəni Vergilər Nazirliyinin Müsabiqə Komissiyası aparıb. Müsahibə hər bir namizədlə fərdi qaydada aparılıb, namizədlərin bilik və bacarıqları, ümumi dünyagörüşü yoxlanılıb.

Hər iki mərhələni uğurla başa vurmuş 290 nəfər namizəd Vergilər Nazirliyinin kadr ehtiyatına daxil edilib və tezliklə onların vakant iş yerlərinə yerləşdirilməsinə başlanacaq. Hazırda Ərazi Vergilər İdarələri və Rayon Vergilər Şöbələri də daxil olmaqla vergi xidmətində 42 vakant vəzifə var.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər