Minimum əmək haqqı ilə MƏŞHUR TƏKLİFə "YOX" deyildi...
Sahibkarlar üçün sərfəedici məlumat....
Azərbaycanda əmək haqlarının rəsmiləşdirilməsi və real əmək haqlarının vergiyə və sosial ödəmələrə cəlb edilməsi məqsədi ilə ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində minimum əmək haqlarının tətbiq olunması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü digər dövlət qurumları tərəfindən dəstəklənməyib.
Bunu «APA-Economics»ə DSMF-nin sədri Səlim Müslümov bildirib: «Bu təşəbbüs digər dövlət orqanlarının müzakirəsinə göndərilsə də, bu layihəyə müsbət rəy bildirən olmayıb. Səbəbini bilmirəm».
S.Müslümov qeyd edib ki, bu təşəbbüsü qaldırarkən digər qurumlara onun xaricdə uğurla tətbiq edildiyi də bildirilib: «Qeyd etdik ki, qonşu Türkiyədə bu, çox uğurla tətbiq olunur və Azərbaycan da bundan yararlana bilər, amma bu problemi başqa yollarla həll etmək daha məqsədəuyğun sayıldı».
Fond rəhbərinin sözlərinə görə, təşəbbüsün qəbul edilməməsinin əsas səbəblərindən biri onun sahibkarların işinə müdaxilə kimi qəbul olunmasıdır. Bəzi özəl təşkilatlar da hesab edir ki, işçilərə verilən əmək haqqının həcmi ilə bağlı tələblərin və müəyyən həddin qoyulması düzgün deyil. «Bəlkə də bu yanaşma doğrudur, amma onu tətbiq edən ölkələr var. Biz də buna müəyyən bir sahədən başlaya bilərdik. Məsələn, qonşu Türkiyədə bu sistem tikinti və dövlət satınalmalarında tətbiq olunur», - deyə fond sədri bildirib.
Bununla yanaşı, DSMF sədri qeyd edib ki, gizli məşğulluğun aradan qaldırılması və əmək haqlarının leqallaşdırılması üzrə tədbirlər kifayət qədər nəticə verir. Bu nəticələr davam edərsə, minimum əmək haqlarının tətbiqinə ehtiyac qalmayacaq.
0 Komment
Şərh yazın