Yoxlamaların azadılması ilə bağlı yeni qanun layihəsi
Prezident İlham Əliyev fevralın 12-də keçirdiyi müşavirədə sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması ilə bağlı göstərişlərindən sonra indi sahibkarlara dəstək olaraq Milli Məclisə yeni qanun layihəsi təqdim edib. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi artıq Milli Məclisin İqtisadi Siyasət Komitəsindədir. Qanun qəbul edildikdən sonra, sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid qaydaları bu sənədlə müəyyən ediləcək.
Əsas məqsəd sahibkarlıq subyektlərinə qarşı çox saylı yoxlamaları azaltmaq, qanunsuz müdaxilələri aradan qaldırmaqdır. Yeni qanunda bir sahibkarın bir neçə qurum tərəfindən yoxlanmasının qarşısını almaq üçün vahid məlumat reyestri yaradılması nəzərdə tutulur. Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, bura bütün yoxlamalar haqqında məlumat daxil ediləcək: “Yoxlamalara vaxt qoyulur. Məsələn, iri sahibkarlıq subyektini ildə bir dəfə, orta sahibkarı 2 ildə bir dəfə yoxlamaq olar”.
Qeyd edək ki, hazırda Azərbaycanda təxminən 35 yoxlayıcı orqan mövcuddur. Həmin orqanlar tərəfindən aparılan yoxlamaların qaydaları bir çox hallarda Nazirlər Kabineti tərəfindən, digər hallarda özləri tərəfindən müəyyən edilir. Özü də sahibkarlıq fəaliyyəti ilə məşğul olan, iqtisadçı Nazim Məmmədov deyir ki, yoxlamaların sayının çox olması korrupsiya ehtimalının da yüksək olması deməkdir. Yoxlayıcı orqanlar həm də müəyyən adamların əlində qanunsuz rəqabət vasitəsidir: “Yüksək vəzifəli məmurlar özlərinin, qohumlarının biznesini bu sahədə rəqib olan şirkətləri sıradan çıxarmaq üçün bu yoldan- yoxlamalardan istifadə edirlər”
Qeyd edək ki, yeni qanunda sahibkarlara güzəştlər də nəzərdə tutulur. Məsələn, əgər yoxlama zamanı sahibkarın heç bir nöqsanı aşkarlanmazsa, o müəyyən vaxt yoxlamadan azad edilir. Bundan başqa, hər bir yoxlayıcı orqan tərəfindən internet saytında yoxlama zamanı cavab verilməli olan sualların siyahısı dərc edilməlidir. Yəni, sahibkar əvvəlcədən ondan nələr tələb olunduğunu bilməlidir.
Mənbə: anspress.com
0 Komment
Şərh yazın