nəqliyyat vasitələrini idarə etmək hüququ hansı yaşlardan başlanır?
Sual: Qanunvericiliyə əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququ hansı yaşlardan başlanır?
Cavab: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və “A1” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) “A”, “B” və “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
4) “BE” - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan;
5) tramvayları, trolleybusları, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan;
6) “DE” - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 24 yaşdan.
“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər “BE” kateqoriyasına, “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər isə müvafiq olaraq “CE” və ya “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququna malikdirlər.
Hərbi qulluqçular “CE”, “D” və “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada 19 yaşdan əldə edə bilərlər.
0 Komment
Şərh yazın