Təşkilat xəstə insana maddi yardim edərsə, gəlir vergisi necə hesablanmalıdır?
Sual: Salam. Atam onkoloji xəstədir və müalicəyə lazım olan dərmanların Almaniyadan alınması üçün bir şirkət xeyriyyə məqsədilə 10.000 ABŞ dolları məbləğində pul köçürmək istəyir. Şirkət Azərbaycanda fəaliyyət göstərir. Suallarım ondan ibarətdir ki:
- Bu məbləğin Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə uyğun olaraq hesablanması üçün hansı sənədlər lazımdır?
- Hesablanma qaydası necə olacaq?
Atam xəstəliyinə görə Milli Onkologiya Mərkəzində müalicə alır. Təşəkkür.
İlahə
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən fiziki şəxslərin təqvim ili ərzində müalicə haqlarını ödəmək üçün aldıqları maddi yardımın dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün aldıqları maddi yardımın dəyərinin isə 2000 manatadək olan hissəsi təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildiyi halda gəlir vergisindən azad edilir.
Göründüyü kimi, müalicə haqlarını ödəmək üçün fiziki şəxslərə verilən maddi yardımın təyinatı üzrə ödənilməsi müvafiq sənədlərlə təsdiqləndikdə, müəyyən olunmuş azadolma məbləğləri gəlir vergisinə cəlb olunmur.
Əlavə olaraq onu da bildiririk ki, müalicə məqsədilə maddi yardım alan edən fiziki şəxs maddi yardım edənin işçisi olmadığı halda, həmin fiziki şəxs vergi orqanında vergi ödəyicisi kimi uçota durmalı və əldə edilən bu gəlirindən Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərdə tutulan azadolma nəzərə alınmaqla gəlir vergisini Vergi Məcəlləsinin 101.2-ci maddəsində nəzərdə tutulan dərəcələrlə hesablamalı, vergi məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq bəyan etməklə dövlət büdcəsinə ödəməlidir.
Lakin sorğunuzda qeyd etdiyiniz kimi, dərmanların alınması üçün xarici ölkəyə köçürülmüş pul vəsaitinin gəlir vergisindən azad olunması Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin məbləğ ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın