Vergi Məcəlləsinə edilən ən Ciddi dəyişikliyin hansı təsirləri olacaq?
Akif Musayev: "Bu dəyişikliyə qədər külli miqdarda vergidən yayınma halları baş verdi"
Mühüm bir dəyişiklik daşınmaz əmlakın aylıq icarə haqqı məbləğlərinə bazar qiymətlərinin tətbiqi ilə bağlıdır. Bu dəyişiklik icarənin vergiyə cəlb olunması zamanı mübahisə yaradan məsələlərin aradan qaldırılması məqsədi ilə edilmişdir.
Bu sahədə çoxlu problemlər mövcuddur, xüsusən şəhərin mərkəzində obyektlərdən yüksək məbləğdəki icarə haqları, qat-qat aşağı qiymətlə rəsmiləşdirilir, külli miqdarda vergidən yayınma halları baş verir. Bir çox hallarda rəsmiləşdirilən icarə məbləğləri vergi orqanları ilə vergi ödəyiciləri arasında mübahisəyə səbəb olur. Bu zaman obyektin dostlara, qohumlara icarəyə verilməsi kimi əsaslar gətirən bəzi vergi ödəyiciləri bu yolla vergilərdən yayınmağa çalışırlar. Bu məsələyə dair hətta Konstitusiya Məhkəməsinin qərarı olmuşdur və bildirilmişdir ki, icarə haqqının məbləği, tərəflər arasında müqavilə ilə tənzimlənməlidir, lakin vergitutma məqsədləri üçün bazar qiyməti əsas götürülməlidir.
Beləliklə, bundan sonra, daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bazar qiymətləri nəzərə alınmaqla müəyyən ediləcəkdir. Yəni, sahibkar əmlakını istənilən qiymətə icarəyə verə bilər, az məbləğdə icarə haqqı ala bilər, lakin bu, vergi məbləğinə təsir etməməlidir. Buna görə də vergitutma məqsədləri üçün əsas olaraq əmlakın bazar dəyəri əsas götürüləcəkdir.
Mənbə: Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayevin “AzərTac”a müsahibəsindən
0 Komment
Şərh yazın