Vergi Məcəlləsində gəlir vergisi üzrə dəyişikliklərin üstün cəhətləri

Vergi Məcəlləsində gəlir vergisi üzrə dəyişikliklərin üstün cəhətləri

Vergi güzəştləri haqqında Vergilər Nazirliyinin rəsmisi Akif Musayev: "Qeyd olunan güzəşt və imtiyazlar nəticəsində təkcə bu il əlavə olaraq 47 milyon manatdan artıq vəsaitin vergi ödəyicilərinin və vətəndaşların sərəncamında qalacağı gözlənilir"

- Vergi Məcəlləsinə son dəyişikliklərdə xüsusi diqqət çəkən məsələlərdən biri də gəlir vergisi ilə bağlıdır. Bu dəyişikliklər nədən ibarətdir və ölkə vətəndaşlarına nə verəcəkdir?
- Dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 30 faizdən 25 faizə endirilmiş, aylıq və illik gəlirlərin 14 faiz dərəcə ilə vergiyə cəlb edilən məbləğləri müvafiq olaraq 2000 manatdan 2500 manatadək və 24000 manatdan 30000 manata qədər qaldırılmışdır.
Bununla yanaşı, gəlir vergisi üzrə güzəştlərin həcmi də genişləndirilmişdir. Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılmışdır.
I-II qrup müharibə əlillərinə muzdlu işlə əlaqədar aylıq gəlirinin vergi tutulan məbləğinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutan güzəşt hüququ indi bütün qruplardan olan müharibə əlillərinə şamil edilmişdir. Muzdlu işlə əlaqədar aylıq gəliri 200 manatadək, illik gəliri 2400 manatadək olan şəxslərə verilən güzəştin məbləği də artırılmışdır. Bu güzəştin müəyyən edilməsində istifadə olunan “minimum əmək haqqı” məbləği (93,5 manat) “əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumu” məbləği (125 manat) ilə əvəz olunmuşdur.
Fiziki şəxslərin gəlir vergisində edilmiş dəyişikliklər vətəndaşların gəlirlərinin böyük bir hissəsinin onların sərəncamında qalmasına şərait yaratmaqla yanaşı, eyni zamanda, əmək haqlarının leqallaşdırılması istiqamətində aparılan iqtisadi təşviqetmənin tərkib hissəsi də hesab edilə bilər.
Onu da nəzərinizə çatdırım ki, qeyd olunan güzəşt və imtiyazlar nəticəsində təkcə bu il əlavə olaraq 47 milyon manatdan artıq vəsaitin vergi ödəyicilərinin və vətəndaşların sərəncamında qalacağı gözlənilir. Bu vəsait sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, vətəndaşların sosial və digər problemlərinin həlli üçün kifayət qədər əhəmiyyətli dəstək olacaqdır.
Mənbə: AzərTAC

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər