"ASAN xidmət"dən ƏLA GÖSTƏRİCİ
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzi 15 yanvar 2013-cü il tarixindən indiyədək 10 mindən artıq vətəndaşa uğurla xidmət göstərib.
Agentlikdən Trend-ə daxil olan məlumata görə, hazırda "ASAN xidmət" mərkəzinin əhatə dairəsi genişlənməkdədir. Fevralın 11-dən etibarən Bakı şəhərinin Binəqədi rayonunda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları da 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin göstərdiyi xidmətlərdən yararlana biləcəklər.
Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi 23 adda xidmət həyata keçirir.
Həmçinin Binəqədi rayonunun sakinləri 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər. Bu, fevral ayının 1-dən fəaliyyətə başlamış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 nömrəli "Çağrı" mərkəzinə stasionar(ev, iş) telefonlardan birbaşa zəng etməklə mümkün olacaqdır. "108" nömrəsinə edilən zəng və aparılan danışıq, habelə "Çağrı" mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən mərkəz həftənin bütün günləri saat 10:00-dan 20:00-dək, bazar günləri isə saat 11.00-dan 17:00-dək vətəndaşların istifadəsindədir.
0 Komment
Şərh yazın