Mənfəət hansı halda təsisçilər arasında bölüşdürülür?
Sual: - Müəssisə maliyyə ilinin yekununa görə 300 min manat xalis mənfəət əldə edib. Təsisçilərin qərarı ilə həmin məbləğin iki tərəf üçün dividend kimi bölüşdürülməsi planlaşdırılır. Bununla yanaşı, əvvəlki illərdən mənfəət hesabına həyata keçirilmiş xərclər bağlanmayıb.
Sualım belədir: Əvvəlki illərdə mənfəət hesabına həyata keçirilmiş xərclər bağlanmadan, maliyyə ilinin yekunu olan 300 min manat xalis mənfəət təsisçilərin qərarı ilə iki tərəf üçün dividend kimi bölünə bilərmi? Bu, hansı qanunla tənzimlənir?
Cavab: Bu məsələ ilə bağlı əvvəlki nəşrlərdə məlumat vermişəm. Yenə də 2 saylı Milli Mühasibat Uçotu
Standartından (kapitalda dəyişikliklər haqqında hesabat üzrə)
çıxarışı təqdim etmək istərdim.
Bölüşdürülməmiş mənfəət
19. Cari və keçmiş hesabat dövrləri üzrə yığılmış bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) kapitalın komponenti kimi tanınmalıdır. Cari hesabat dövrünün bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri) cari hesabat dövrü üzrə Mənfəət və zərər haqqında hesabat hazırlandıqdan sonra müəyyən edilir. Cari ilin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri) kapital ehtiyatlarına və kapital ehtiyatlarından köçürülmələr də nəzərə alınmaqla, hesabat dövründə xalis mənfəətdən hesablanmış dividendlər çıxılmaqla yekun məbləğdə qiymətləndirilir.
20. Yığılmış bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) bütün əvvəlki dövrlərin bölüşdürülməmiş mənfəətlərinin (ödənilməmiş zərərlərinin) cəmini əks etdirir. Bölüşdürülməmiş mənfəət mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülə bilər. Bu yığılmış mənfəət maliyyə hesabatında kapitalın ayrıca komponenti kimi təsnifləşdirilir.
Məntiqlə yanaşsaq görərik ki, mənfəət yoxdursa, divident də ola bilməz. Amma burada məsələ cari ilin bölüşdürülməmiş mənfəətindən gedir. 19-cu bənddə də yazılıb ki, cari ilin mənfəətindən dividendlər hesablanıla bilər və bundan sonra artıq o əvvəlki illərin bölüşdürülməmiş mənfəəti ilə birləşdirilir və yığılmış bölüşdürülməmiş mənfəət olur. Odur ki, əvvəlki illərdə zərər olmasına baxmayaraq cari il üçün sizdə 300.000 manat xalis mənfəət varsa, ondan dividend verə bilərsiniz.
Mən bu məsələyə bir az başqa cür yanaşmaq istərdim. Əvvəlki illərdə zərər varsa, bu zərər nə vaxtsa səhmdarlar tərəfindən örtülməlidir, belə olan halda cari ilin bölüşdürülməmiş mənfəətindən divdentdin ödənilməsi düzgün olmazdı.
0 Komment
Şərh yazın