Xaricdə təhsillə bağlı maraqlı açıqlamalar
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclərin ən çox təhsil aldığı ölkələrin adları açıqlanıb.
Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, azərbaycanlı gənclər qeyd edilən proqram çərçivəsində təhsil almaq üçün ən çox Böyük Britaniya məktəblərini seçiblər. İndiyədək 419 azərbaycanlı gənc məhz bu ölkənin ali məktəblərini seçib. İkinci yeri Türkiyə (366 nəfər), üçüncü yeri isə Almaniya (355 nəfər) tutur.
Nazirlikdən bildirilib ki, proqramın icrasına başlandığı 2007-2008-ci dərs ilində xaricdə təhsil almaq hüququnu 66 nəfər gənc qazanmışdısa, 2008-2009-cu dərs ilində belə tələbələrin sayı 134, 2009-2010-cu dərs ilində 308, 2010-2011-ci dərs ilində 275, 2011-2012-ci dərs ilində isə 433 nəfər olub. 2012-2013-cü dərs ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa gedənlərin sayı əvvəlki illərə nisbətən xeyli artaraq 608 nəfər təşkil edib.
Ümumiyyətlə, Dövlət Proqramının qəbulundan keçən 6 il ərzində 1824 nəfər azərbaycanlı gənc dövlət vəsaiti hesabına xaricdə təhsil almağa göndərilib. Onlar dünyanın 27 ölkəsinin ən nüfuzlu ali məktəblərində təhsil alıblar və ya almaqdadırlar.
0 Komment
Şərh yazın