Millət vəkillərindən kreditlər ilə bağlı həyəcan təbili
"Bu məsələ ilə bağlı millət vəkillərinin Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə görüşü keçiriləcək ki, burada həmin problem ciddi müzakirə olunacaq"
Azərbaycan parlamentinin üzvləri son illər ərzində ölkədə istehlak kreditləşməsinin həcminin artması və istehlak kreditləri üzrə faiz dərəcələrinin yüksək olmasından narahatdır. «APA-Economics»in xəbər verdiyi kimi, Milli Məclisin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında Komitə sədri Ziyad Səmədzadə və komitənin üzvü Çinqiz Əsədullayev məsələ ilə bağlı narahatlıqlarını bildiriblər.
Millət vəkilləri bildiriblər ki, istehlak kreditləşməsinin sürətlə artması ölkə iqtisadiyyatı üçün təhlükə yaradır. Həmçinin, Z.Səmədzadə qeyd edib ki, sonuncu dünya maliyyə böhranı məhz istehlak kreditləşməsinin həddindən artıq genişlənməsi səbəbindən başlayıb və sonradan böhran iqtisadiyyatın digər sahələrinə də keçib. Bununla yanaşı qeyd olunub ki, istehlak kreditləşməsi sahəsində banklar tərəfindən aparılan işlər nəticəsində əhalinin borclanmasına gətirib çıxarır.
Yaxın zamanlarda bu məsələ ilə bağlı millət vəkillərinin Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə görüşü keçiriləcək ki, burada həmin problem ciddi müzakirə olunacaq.
Qeyd edək ki, 2012-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin ümumi həcmi 4,245 mlrd. manata çatıb. Bu, bank sistemi üzrə məcmu kredit qoyuluşlarının 35,3%-ni təşkil edir ki, bu da digər kreditləşdirilən sahələrlə müqayisədə ən yüksək göstəricidir. İstehlak kreditlərinin illik artım 31%-ə bərabərdir və bu illik artım tempi Azərbaycan bank sistemi üçün artıq ənənəvidir.
0 Komment
Şərh yazın