Banka eyni vaxtda vergi sərəncamı və əmək haqqı ödənilməsi üçün ödəniş tapşırıq gəlib, nə etməli?
Vergilər Nazirliyi bu məsələni Mülki Məcəllə və Qanunla izah edir…
Sual: Salam. Bankda olan müştəri hesabına eyni vaxtda vergi sərəncamı və müştəri tərəfindən verilmiş əmək haqqının ödənilməsi üzrə ödəniş tapşırığı (ÇEK-də ola bilər nağd alınması üçün) daxil olarsa, Mülki Məcəllənin 965.2.2-ci maddəsinə əsasən Bank əmək haqqının ödənilməsi üzrə ödənişi vergi sərəncamından öncə icra edə bilərmi? Təşəkkür edirəm.
Şəhla Səmədova Məcid qızı, [email protected], Bakı
Cavab: Bildiririk ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2011-ci tarixli 201-IVQD №–-li Qanununa əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 965.2.1-ci və 965.2.2-ci maddələrdə “nəzərdə tutan” sözlərindən sonra “sənədlər və yaxud bu sənədlər əsasında verilən” sözləri əlavə edilmişdir.
Belə ki, Mülki Məcəlləsinin 965.2.1-ci maddəsinə əsasən hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir. Mülki Məcəllənin 965.2.2-ci maddəsinə əsasən ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları, iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları, məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri, məhkəmə əmrləri, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər, notariat orqanlarının icra qeydləri, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları, vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar və məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri icra sənədi hesab olunur.
Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının 30 sentyabr 2011-ci tarixli 201-IVQD №–-li Qanunu ilə Mülki Məcəllənin 965.2.1-ci və 965.2.2-ci maddələrinə edilmiş dəyişikliyə əsasən hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan silmə 965.2.1-ci və 965.2.2-ci maddələrində göstərilmiş hallara uyğun olaraq pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə həyata keçirilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı – www.taxes.gov.az
0 Komment
Şərh yazın