Vergilər Nazirliyindən nəğd hesablaşmalarla bağlı ümidverici xəbər
"Dövlət başçısının tapşırığı da ondan ibarətdir ki, nağdsız hesablaşmanın üstün çəkisi bu il təmin edilməlidir"
Azərbaycanda nağd pulla aparılan əməliyyatların məhdudlaşdırılması gözlənilir və müəyyən məbləğdən yuxarı əməliyyatlar yalnız nağdsız formada aparıla biləcək.
«APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov bildirib.
Onun sözlərinə görə, 2013-cü ilin dövlət büdcəsinin təsdiq edilməsi ilə bağlı dövlət başçısının fərmanında Vergilər Nazirliyinə 3 ay müddətində nağdsız hesablaşmaların stimullaşdırılması və nağd hesablaşmaların məhdudlaşdırılması barədə təkliflərin hazırlanıb təqdim edilməsi tapşırığı verilib. Hazırda Vergilər Nazirliyində bu sahədə ciddi iş aparılır: «Çox əhəmiyyətli layihə hazırlanır. Hesab edirik və dövlət başçısının tapşırığı da ondan ibarətdir ki, nağdsız hesablaşmanın üstün çəkisi bu il təmin edilməlidir».
N.Əmirov bildirib ki, bu il nağd hesablaşma məsələləri ilə əlaqədar hüquqi, qanunvericilik və inzibatçılıq problemləri həllini tapmalıdır. Nazirlik tərəfindən hazırlanan təkliflərdə nağd hesablaşmaların məhdudlaşdırılması da əksini tapıb: «Avropa ölkələrində nağd əməliyyatların bəlli limiti var – 1000, 2000 və ya 3000 avro. Ondan artıq əməliyyatların nağd aparılmasına icazə verilmir. Azərbaycanda da belə normalar tətbiq olunacaq».
Paralel olaraq nağdsız hesablaşmalar stimullaşdırılacaq: «Sahibkarlara əhəmiyyətli güzəştlər veriləcək. Bəzi sahələr üzrə ödəniş kartları ilə aparılan əməliyyatlar tamamilə vergidən azad edilə bilər. Bəzi sahələrdə nağd aparılan əməliyyatların banka köçürülməsi stimullaşdırılacaq».
Nazir müavini vurğulayıb ki, plastik kartlardan istifadənin həvəsləndirilməsi tədbirləri vətəndaşlara da aid olacaq: «Kartlar vasitəsilə alış-veriş edən vətəndaşların həvəsləndirilməsi üçün onların kartlarına konkret bonuslar və məbləğlərin yatırılması da gündəmdədir».
N.Əmirov bildirib ki, planlaşdırılan addımlar indiyədək Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılması sahəsində ən ambisioz təkliflər olacaq. Nazirlikdə təkliflərin hazırlanması prosesi fevralın sonunadək başa çatmalıdır.
0 Komment
Şərh yazın