Bir neçə il istifadə olunmamış məzuniyyət üçün kompensasiyanin gəlir vergisi necə hesablanır?
Vergilər Nazirliyindən qanunvericiliklərdəki maddələrə əsaslanmaqla aydın izah
Hörmətli Vergilər Nazirliyinin əməkdaşları!
İşçiyə istifadə etmədiyi məzuniyyətlərinə görə ödənilən kompensasiyaya vergi dərəcəsinin tətbiqi üsulu haqqında məlumat verməyinizi xahiş edirəm. Məsələn: işçi 5 ildir əmək məzuniyyətindən istifadə etməyib cari ildə ona 5 illik kompensasiya ödənilməlidir. Burda vergi necə tutulmalı?
Elnur Mahmudov
Bildiririk ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Eyni zamanda, həmin Məcəllənin 140-cı maddəsinin 1-ci bəndinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir
Vergi Məcəlləsinin 150-ci maddəsinin müddəalarına uyğun olaraq muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslərin hesablanmış gəlirindən işəgötürən hüquqi şəxslər və fərdi sahibkarlar gəlir vergisini Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd olunan aylıq cədvəl üzrə hesablamalı və büdcəyə ödəməlidirlər.
Bununla əlaqədar işçiyə keçmiş iş illərində istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənilən kompensasiya gəlir vergisinə cəlb olunmalıdır və bu zaman kompensasiya ödənildikdə gəlir vergisi hər il üçün hesablanan məbləğdən ayrılıqda, işçi ilə son haqq-hesab aparılarkən tam olmayan sonuncu iş ilinin məzuniyyət haqqından isə, onun verildiyi ayın əmək haqqı ilə birlikdə gəlirin ümumi məbləğindən tutulmaqla dövlət büdcəsinə ödənilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı – www. taxes.gov.az
0 Komment
Şərh yazın