Sadələşdirilmiş vergisi üzrə hesabatı necə tip vergi ödəyicisi verir?

Sadələşdirilmiş vergisi üzrə hesabatı necə tip vergi ödəyicisi verir?

Sadələşdirilmiş vergisi üzrə hesabat dövrü rübdür. Sahibkarlıq fəaliyyəti çərçivəsində malların (işlərin, xidmətlərin), habelə əmlakın təqdim olunması ilə məşğul olan və vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər (Vergi Məcəlləsinin 218.1.1-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddət ərzində vergini dövlət büdcəsinə ödəyirlər. Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarını həyata keçirən sadələşdirilmiş vergi ödəyiciləri qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək növbəti ay (aylar) üçün ciddi hesab blankı olan «Fərqlənmə nişanı» almalıdırlar. «Fərqlənmə nişanı» vergi ödəyicisinin Nəqliyyat Nazirliyinə yazılı formada müraciətinə əsasən iki iş günündən gec olmayaraq verilir. «Fərqlənmə nişanı» almaq üçün müraciət edən vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır. Bu fəaliyyətlə məşğul olan şəxslər tərəfindən hesablanmış vergi tam məbləğdə dövlət büdcəsinə ödənildikdən sonra onlara "Fərqlənmə nişanı" verilir və ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərmədiyindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.
Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.
Mənzil tikinti fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikintinin təməl işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.
Bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, mənzil tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (mənzil tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış sadələşdirilmiş vergini bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirlər.
İdman mərc oyunlarını həyata keçirən idman mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyekti təşkil edir. İdman mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır, hesabat rübdən sonrakı ayın 20-dən gec olmayaraq “Sadələşdirilmiş  verginin bəyannamə”si ilə vergi orqanına bəyan edilməklə dövlət büdcəsinə ödənilir.
Mənbə: Vergilər Nazirliyi

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər