Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində sığorta haqlarının payı 74%-ə çatacaq
Gələn ildən etibarən Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin maliyyələşdirilməsində məcburi dövlət sosial sığorta haqlarının xüsusi çəkisinin artımı başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, 2020-ci ilə qədər dövlət büdcəsindən DSMF-yə transfertin xüsusi çəkisi 42%-dən 26-27%-ə enəcək. Məcburi dövlət sosial sığorta haqlarının xüsusi çəkisi isə hazırkı 58%-dən 73-74%-ə qədər artacaq.
S.Müslümov bildirib ki, yeni pensiya islahatları konsepsiyasının hazırlanması prosesində də bir sıra kateqoriyalar üzrə güzəştli şərtlərlə pensiya alanlar var ki, onların pensiyalarının hesablanmasında ümumi vahid bir sistemin tətbiqi nəzərdə tutulur: «Artıq yeni pensiya islahatları konsepsiyasının ilkin variantında bu məsələlər öz əksini tapıb. Burada dövlət qulluqçularına bir cür, hərbi qulluqçular, xüsusi rütbəli qulluqçular, millət vəkilləri üçün güzəştli şərtlərlə verilən pensiyalar vahid bir sistemdə birləşdiriləcək. Unifikasiya prosesləri davam etdiriləcək».
Ən böyük dəyişiklik isə yaşa görə pensiyaların təyinatının avtomatlaşdırılması olacaq: «İnsanlar evlərində oturmaqla Fondun şöbələrinə getmədən, heç bir sənəd toplamadan sadəcə elektron müraciət etməklə və yaxud bir ərizə yazıb poçta atmaqla öz pensiya təyinatlarını əldə edə biləcəklər».
Ümumilikdə, 2013-cü ildə pensiyaların həm sığorta hissəsi indeksləşdiriləcək, həm də baza hissəsi artırılacaq. Bunun üçün Fondun büdcəsinə müvafiq vəsaitlər nəzərdə tutulub.
Hazırda Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan insanların sayı 2,250 mln. nəfərə çatıb.
0 Komment
Şərh yazın