Azərbaycan dövlət ipoteka kreditləşməsini genişləndirir
Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımovun «APA-Economics»ə müsahibəsi
- Azərbaycan İpoteka Fondu artıq 7 ildir ki, fəaliyyət göstərir. Ötən dövr ərzində Fondun fəaliyyətini necə xarakterizə edərdiniz və əldə edilən əsas nailiyyətlər nədən ibarətdir?
- Azərbaycan İpoteka Fondu (AİF) 2005-ci ildə yaradılıb və artıq 7 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində Fond əhalinin mənzil ehtiyaclarını ödəyən, dövlətin davamlı dəstəyi və özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərən dövlət maliyyə qurumuna çevrilib, ipoteka kreditlərinin verilməsi üzrə təkmil infrastruktur yaradılıb, ipoteka kreditləşməsi sistemi formalaşdırılıb.
Digər mühüm nailiyyət təmin edilmiş istiqrazların emissiyası ilə bağlıdır. Azərbaycanda mövcud qanunvericilik təmin edilmiş istiqrazların buraxılışına yol versə də, 2009-cu ilin may ayına kimi ölkədə təmin edilmiş istiqrazlar buraxılışı ilə bağlı analoji təcrübə olmayıb. Bu sahədə ilk addım olaraq Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan İpoteka Fondu tərəfindən təmin edilmiş istiqrazlar emissiya olunub. Bu istiqrazların buraxılışı Azərbaycanda təkrar ipoteka bazarının formalaşdırılmasının başlanğıcı kimi də mühüm əhəmiyyətə malikdir.
Bununla yanaşı qanunvericiliyin təkmilləşdirilməsi və ipoteka kreditləşməsi sahəsində vahid standartların tətbiqi də Fondun nailiyyətlərindən hesab oluna bilər. Hazırda Fondun standartlarından kommersiya bankları fərdi ipoteka proqramlarında da geniş şəkildə istifadə edir.
Hazırda Fond sağlam və yüksək keyfiyyətli kredit portfelinə malik kredit təşkilatı kimi formalaşıb. Fondun maliyyə sağlamlığı ilə əlaqədar bir faktı nəzərinizə çatdırım ki, 2012-ci ildə «Fitch Ratings» agentliyi tərəfindən Fondun beynəlxalq kredit reytinqi suveren ölkə reytinqinə (BBB-) bərabərləşdirilib.
Fikrimcə, ən mühüm nailiyyət bundan ibarətdir ki, fəaliyyət dövrü ərzində Fondun xətti ilə verilmiş kreditlər hesabına 11 000-dən çox Azərbaycan vətəndaşının mənzil şəraiti yaxşılaşıb. Bu kreditlərin həcmi 410,0 mln. manat təşkil edib və verilmiş kreditlərin 70%-dən çoxu isə gənc və gənc ailələrin payına düşüb.
- Təcrübədə müxtəlif ölkələrdə əhalinin mənzil problemlərinin həlli məqsədilə fərqli mexanizmlərdən istifadə olunur. Bəs Azərbaycanda ipoteka kreditləşməsi sahəsində hansı mexanizmin tətbiqi əsas götürülür?
- Dünya təcrübəsində ipoteka kreditləşməsi mexanizminin tətbiqi sahəsində bir neçə əsas model - universal kommersiya bankları modeli, yaşayış-tikinti əmanətləri modeli, ixtisaslaşmış ipoteka bankları modeli və təkrar bazar modeli (iki pilləli model) mövcuddur. Təcrübə göstərir ki, bir ölkə daxilində ipoteka kreditləri sisteminin müxtəlif modellərinin birgə tətbiqi həyata keçirilə bilər. Müxtəlif modellərin uğurlu tətbiqi ölkədəki makroiqtisadi vəziyyət, maliyyə sistemi, kapital bazarları, qanunvericilik bazası və müvafiq infrastrukturun inkişaf səviyyəsindən asılıdır. İpoteka kreditləşməsi sisteminin inkişaf modeli müəyyən edilərkən ilk növbədə bu amillər nəzərə alınmalıdır.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycanda ipoteka kreditləşməsi sisteminin formalaşdırılması zamanı təkrar bazar modelinə üstünlük verilib. Bu modelin tətbiqi zamanı ABŞ-da əsası qoyulan və bir çox qabaqcıl ölkələrdə uğurla tətbiq edilən iki pilləli ipoteka krediti sistemi əsas götürülüb. Bu modelin tətbiqinin əsas üstünlükləri sistemə mövcud bank sisteminin cəlb edilməsi, dövlətin sistemə səmərəli dəstək vermək imkanlarının yaradılması, likvid təkrar ipoteka bazarının formalaşdırılması, habelə qiymətli kağızlar bazarının inkişafına təkan verilməsidir. Belə ki, bu model özündə ilkin və təkrar ipoteka institutlarının, həmçinin qiymətli kağızlar bazarının inkişafını ehtiva edir.
Azərbaycanda tətbiq olunan bu model cəmi 7 ildir fəaliyyət göstərir. Demək olar ki, biz hələ yolun başlanğıcındayıq və bu sahədə həm qanunvericilik, həm də infrastruktur baxımından görüləcək işlər hələ çoxdur. Hazırda alternativ ipoteka modellərinin tətbiqinə dair müvafiq araşdırmalar aparılır. Hesab edirəm ki, bu sahədə əsas məqsəd hansısa modelin tətbiqi deyil, əhalinin maraqlarına xidmət edən təkmil ipoteka sisteminin qurulması olmalıdır.
- Fəxri müəllim, 2013-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr aparılan zaman mətbuatda ən çox səslənən fikirlərdən biri də gələn il üçün dövlət büdcəsindən ipoteka kreditləşməsinə ayrılacaq vəsaitin həcmi ilə bağlı olub. Sizcə, büdcədən ayrılmış vəsaitlər ehtiyacların qarşılanması üçün yetərlidirmi?
- Beynəlxalq təcrübədə AİF kimi analoji qurumların fəaliyyəti dövlət tərəfindən daim dəstəklənir, o cümlədən bilavasitə maliyyə yardımları göstərilir. Bu maliyyə dəstəyi sistemin dayanıqlığının təmin edilməsi üçün zəruridir və dövlət büdcəsindən ayırmalar, dövlət zəmanəti, təşkilata dövlət büdcəsi hesabına kreditlərin verilməsi, vergi güzəştləri və s. formada göstərilə bilər. Məhz bu baxımdan da 2005-ci ildən etibarən Azərbaycan İpoteka Fonduna ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən müvafiq vəsaitlər ayrılır. Ümumilikdə, 2005-2012-ci illərdə Fonda dövlət büdcəsindən artıq 136 mln. manat məbləğində vəsait ayrılıb.
Hazırda dövlət büdcəsindən ayrılan vəsaitlər yalnız güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilir. Bu vəsaitlər həm də Fondun kapitalı kimi çıxış edir və AİF-in maliyyə bazarlarından borclanma imkanlarını artırır. Məhz bu cəlbetmələr hesabına adi ipoteka kreditlərinin verilməsi həyata keçirilir.
Məlum olduğu kimi, 2013-cü il dövlət büdcəsiin layihəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 40 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitlər güzəştli ipoteka kreditlərinə olan tələbin əhəmiyyətli hissəsinin qarşılanmasına imkan verir. Ümumilikdə, adi ipoteka kreditlərinə olan illik tələb isə bundan bir neçə dəfə çoxdur.
Təbii ki, ipoteka kreditlərinə olan tələbin hamısının yalnız dövlət büdcəsindən ayırmalar hesabına qarşılanması mümkün deyil, bu baxımdan hesab edirik ki, alternativ ipoteka proqramları hesabına ipoteka kreditlərinə olan tələbin ödənilməsi imkanlarına baxılmalıdır.
- Qeyd etdiniz ki, 2009-cu ildən etibarən adi ipoteka kreditləri yalnız cəlb edilmiş vəsaitlər hesabına verilir. Fond tərəfindən hazırda vəsaitlər hansı formada cəlb edilir və bu sahədə hansı problemlər mövcuddur?
- Fond 2009-cu ildən etibarən sərbəst vəsaitlərin cəlbini təmin edilmiş istiqrazların emissiyası vasitəsilə həyata keçirir və 2009-2012-ci illərdə bu istiqrazlar vasitəsilə daxili maliyyə bazarlarından 240 mln. manat məbləğində vəsait cəlb olunub. Fondun istiqrazları üzrə orta müddət 7-10 il, faiz dərəcəsi isə illik 3% təşkil edir. Bu istiqrazlar üzrə əsas investorlar qismində banklar, sığorta şirkətləri və digər maliyyə institutları çıxış edir.
İipoteka sistemi üçün inkişaf etmiş qiymətli kağızlar bazarının olması tələb edilir. Belə bazarın mövcud olduğu ölkələrdə təmin edilmiş və digər istiqrazlar vasitəsilə kapital bazarlarından sərbəst vəsaitlərin cəlbi həyata keçirilir və cəlb edilmiş vəsaitlər yeni ipoteka kreditlərinin verilməsinə yönəldilir. Təbii ki, vəsaitlərin cəlbinə başlamamışdan əvvəl müvafiq araşdırmalar aparılıb. Qeyd etmək lazımdır ki, təmin edilmiş ipoteka istiqrazları vasitəsilə vəsaitlərin cəlbi dünya maliyyə böhranı zamanı da özünü doğruldub.
Bu istiqrazların adi istiqrazlardan üstünlüyü təbii ki, ilk növbədə adından göründüyü kimi təminatlı olmasıdır. Bu tip istiqrazlar adətən emitentin ipoteka kreditləri portfeli ilə təmin edilir və investorların hüquqlarının müdafiəsi, emitentin defolt halında risklərin azaldılması baxımından investorlar üçün çox əlverişli və cəlbedicidir.
Hazırda AİF tərəfindən emissiya olunmuş istiqrazlar da Fond tərəfindən tələb hüquqları banklardan alınan kredit portfeli ilə təmin edilib. Fondun tələblərinin və standartlarının kifayət qədər ciddi olması nəticəsində çox sağlam və yüksək keyfiyyətli kredit portfeli formalaşıb.
Bütün bu amillər daxili bazarda Fondun istiqrazlarına marağı daha da artırır. Hesab edirik ki, daxili bazarda potensial investorlar və sərbəst vəsaitlər mövcuddur və Fond tərəfindən gələcəkdə bu imkanlardan istifadə olunacaq.
Təbii olaraq, bu sahədə də özünəməxsus problemlər mövcuddur. Ölkədə institusional investorların dairəsinin genişləndirilməsi, kapital və qiymətli kağızlar bazarlarının inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər, xarici investorlarda Azərbaycan qiymətli kağızlar bazarına hüquqi inamın yaradılması, emitentlərin və investorların maraqlarının daha da etibarlı qorunması məqsədilə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi Fondun cəlbetmə imkanlarını genişləndirməklə yanaşı, mövcud problemlərin həllini də sürətləndirə bilər.
- İpoteka kreditləşməsi ilə bağlı əhalidə ən çox maraq doğuran suallardan və aktual məsələlərdən biri də şərtlərin yumşaldılması, faiz dərəcələrinin aşağı salınması, ilkin ödəniş məbləğinin azaldılması və s. ilə bağlıdır. Bu sahədə hansı dəyişikliklər gözlənilir?
- Ölkədə Azərbaycan İpoteka Fondunun xətti ilə təklif edilən ipoteka kreditləri üzrə hazırkı şərtlər də çox əlverişlidir. Qeyd etmək lazımdır ki, təkcə güzəştli deyil, hətta adi ipoteka kreditləri üzrə təklif olunan şərtlərin özü də məqbuldur və tam sosial xarakter daşıyır. Əgər digər MDB ölkələri ilə müqayisə etsək, bu sahədə ən güzəştli şərtlər məhz Azərbaycandadır. Belə ki, hazırda ipoteka kreditləri ən yaxşı halda Rusiyada illik 10%, Qazaxıstanda 13-14%, Ukraynada isə 15-16% dərəcəsi ilə verilir. Bu ölkələrdə güzəştli ipoteka kreditlərinin şərtləri həm müddət, həm faiz, həm də ilkin ödənişin həcmi baxımından Azərbaycandan daha ağırdır. Ümumiyyətlə, böyük ipoteka kreditləşməsi tarixinə malik, maliyyə və kapital bazarlarının inkişaf etdiyi ABŞ və digər aparıcı Avropa dövlətlərində belə ipoteka kreditləri üzrə faiz dərəcələri 4-5% civarında dəyişir.
Lakin mövcud şərtlər kifayət qədər əlverişli olsa da, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələ daim dövlətin diqqət mərkəzindədir və prioritet məsələlərdən hesab olunur. Bununla əlaqədar olaraq, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının daha da genişləndirilməsi və bu kreditlərin effektivliyinin gücləndirilməsi məqsədilə sistemin daim təkmilləşdirilməsi imkanları araşdırılır və müvafiq tapşırıqlar «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramında da öz əksini tapıb. Bu sahədə artıq aidiyyəti qurumlarla razılaşdırılmış təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Təkliflərdə əsas etibarilə güzəştli ipoteka krediti almaq hüququ olan hərbi qulluqçuların, gənclərin və gənc ailələrin dairəsinin genişləndirilməsi, adi və güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğin artırılması, ipoteka kreditləşməsi sahəsində əməliyyatların avtomatlaşdırılması, ipoteka kreditləşməsinə uzunmüddətli maliyyə resurslarının cəlbi, habelə mənzil-tikinti sektorunun və ipoteka kreditləşməsi sisteminin kompleks inkişafını təmin etmək məqsədilə dövlət proqramının hazırlanması məsələləri əksini tapıb.
Təklif olunan yeniliklərdən biri də ipoteka kreditləri üzrə zəmanət mexanizminin yaradılmasıdır. Beynəlxalq təcrübədə bu mexanizmin tətbiqi kreditorların riskinin sığortalanması ilə yanaşı şəxsi yığımları az olan gənc əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti almağa şərait yaradır və beləliklə də onların ipoteka kreditlərinə çıxış imkanlarını genişləndirir.
Ümid edirik ki, təqdim edilmiş bu təkliflərin qəbulu ipoteka kreditləşməsi sisteminin növbəti inkişaf mərhələsinə keçməsinə zəmin yaradacaq.
- Fondun növbəti illər üçün inkişaf planları və perspektivləri barədə nə deyə bilərsiniz?
- İpoteka kreditləşməsi sistemi özlüyündə həm maliyyə-bank sektoru ilə, həm də mənzil-tikinti sektoru ilə sıx əlaqəli sahədir. Ona görə də, bu sistemin inkişafına digər sektorlardan təcrid olunmuş şəkildə baxılması düzgün olmazdı. İpoteka kreditləşməsi hesabına əhalinin mənzilə olan tələbinin qarşılanması, mənzil bazarında canlanmaya, bu isə öz növbəsində tikinti və əlaqəli sektorlarda iqtisadi aktivliyin dəstəklənməsinə, multiplikativ effektin təsiri ilə əlaqəli sahələrin inkişafına, yeni iş yerlərinin açılmasına və məşğulluğun dəstəklənməsinə şərait yaradır. Təcrübədə ipoteka kreditləşməsi həm də pensiya fondlarının, sığorta şirkətlərinin uzunmüddətli maliyyə resurslarının yerləşdirilməsi üçün etibarlı maliyyə aləti kimi çıxış edir, habelə təminatlı qiymətli kağızlar bazarının inkişafına təkan verir. Məhz bu baxımdan mənzil-tikinti sektorunun və ipoteka kreditləşməsi sisteminin kompleks inkişafını təmin etmək məqsədilə dövlət proqramının qəbulu təklif olunur. Proqramda sistemin inkişafı ilə bağlı gələcək perspektiv plan kimi qanunvericiliyin təkmilləşdirilməsi, ipoteka infrastrukturunun inkişaf etdirilməsi, ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb edilməsi, mənzil-tikinti sektorunun inkişafının stimullaşdırılması, ipoteka sahəsində müasir texnologiyaların geniş tətbiqi, ipoteka kreditləşməsi sahəsində peşəkar hazırlığın gücləndirilməsi və əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Təbii ki, bunlar gələcəyə hesablanmış planlardır.
Cari planlara gəldikdə isə, 2013-cü il ərzində Fond tərəfindən həm güzəştli, həm də adi ipoteka kreditləri daxil olmaqla 100 mln. məbləğində ipoteka kreditinin verilməsi proqnozlaşdırılır. 2013-cü ildə tətbiq ediləcək daha bir yenilik Elektron İpoteka Sisteminin istifadəyə verilməsi ilə bağlıdır. Sistem gələn ilin ilk aylarından istifadəyə veriləcək. Sistemin tətbiqi vətəndaşların müraciətlərinə baxılmasında növbəliyin təmin edilməsinə, biznes proseslərin şəffaflığının daha da artırılmasına, kreditlərin rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, müvəkkil banklar və Fond tərəfindən maliyyə risklərinin idarə olunmasına, ümumilikdə isə ipoteka kreditləşməsinin sadələşdirilməsinə xidmət edir.
Qeyd olunanlarla yanaşı, növbəti illərdə Fond tərəfindən yeni ipoteka məhsullarının işlənib hazırlanması nəzərdə tutulur. Bu isə öz növbəsində, Fonda daha çox maliyyə vəsaitlərinin cəlb edilməsini və AİF-in aktivlərinin daha da artmasını zəruri edir. Bununla əlaqədar olaraq, Fondun institusional inkişafı, risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi, maliyyə bazarlarının təhlili üçün Fondda tədqiqat işinin təşkili, beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarının yaradılması qarşıda duran əsas məqsədlərdəndir.
Təbii ki, planlar çoxdur. Hesab edirəm ki, bu sahədə ən mühüm vəzifə bu planların reallaşdırılması ilə bağlı olmalıdır və hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrində aparılan davamlı islahatlar bunun üçün münbit şərait yaradıb. Ümid edirəm ki, gələcək illərdə də ipoteka kreditləşməsi sisteminin inkişafı əhalinin daha geniş təbəqəsinin mənzil ehtiyaclarının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması kimi sosial məsələlərin həllinə töhfəsini verəcək.
0 Komment
Şərh yazın