2013-cü ilin istehsalat təqvimi və iş vaxtı norması təsdiq olundu

2013-cü ilin istehsalat təqvimi və iş vaxtı norması təsdiq olundu

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyinin 11/34-1003 saylı, 24 dekabr 2012-ci il tarixli əmri ilə 2013-cü ilin iş vaxtı norması təsdiq olunub.

Qeyd edək ki,  iş vaxtının , həmçinin müavinətin və hamiləliyə görə məzuniyyətin düzgün hesablanması üçün bu istehsalat təqvimindən istifadə etmək lazımdır.

 

2013-cü ilin
İŞ VAXTI NORMASI

     Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2013-cü il üçün işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları bildirir. 
     Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və Nazirlər Kabinetinin "2013-cü ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 12 dekabr 2012-ci il tarixli 309 nömrəli qərarına əsasən 2013-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1-2 yanvar

-

Yeni il bayramı;

20 yanvar

-

Ümumxalq hüzn günü;

8  mart

-

Qadınlar günü;

20, 21 , 22, 23, 24 mart

-

Novruz bayramı;

9 may

-

Faşizm üzərində qələbə günü;

28 may

-

Respublika günü;

15 iyun

-

Azərbaycan xalqının milli qurtuluş  günü;

26 iyun

-

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü

       8-9 avqust

_

Ramazan bayramı;

15-16 oktyabr

_

Qurban bayramı;

16 oktyabr

_

Azərbaycan Respublikası Prezidenti seçkiləri günü;

9 noyabr

_

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;

31 dekabr

-

Dünya azərbaycanlılarının  həmrəyliyi günü.

 

      Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2013-cü ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 12 dekabr 2012-ci il tarixli 309 nömrəli qərarına əsasən 2013-cü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25-26 mart, 17 iyun və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində isə 25 mart tarixi istirahət günləridir. 
      Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" 21 dekabr 2012-ci il tarixli 313 nömrəli qərarına əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsi rəhbər tutularaq 2012-ci ilin 29 və 30 dekabr istirahət günləri ilə 2013-cü ilin 3 və 4 yanvar iş günlərinin yeri dəyişilmişdir.
     Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 8.2-ci və 178.1-ci maddəsinə əsasən 2013-cü ilin 16 oktyabr günü iş günü hesab edilməyən Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür.
     2013-cü ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
     2013-cü ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 10-u bayramqabağı günlərdir), iş günü hesab edilməyən 110 istirahət günü (onlardan, 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləri, 2-si isə iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə yeri dəyişdirilmiş istirahət günləridir ), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə, 1-i isə Azərbaycan Respublikası Prezidenti seçkiləri günü ilə üst-üstə düşən), 1 Ümumxalq hüzn günü (istirahət günü ilə üst-üstə düşən) vardır (241+110+18+1-5=365). 
     Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 
     2013-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 
     Qanunvericiliyə uyğun olaraq 2013-cü il üçün 40 saatlıq iş həftəsində illik iş vaxtının norması 1918 saat təşkil edir (231 x 8 + 10 x 7 = 1918 saat).
      İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan müəssisə və təşkilatlarda 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2013-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1918 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
     İş vaxtının qeydiyyat (uçot) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.
      İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə müəssisənin kollektiv müqaviləsində nəzərdə tutulmaqla həll olunur.

Sənədi fayl şəklində yükləyin

P.S. Hörmətli, oxucuarl. Faylı yükləməkdə hər hansı probleminiz yaranarsa, zəhmət olmasa, [email protected] email adressine və ya comment yazmaqla istəyinizi bildirin. Sənədi Sizə göndərilməsini təmin edək.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər