Qeyri-peşəkar mühasib "Mənfəət vergisi bəyannaməsini" hazırladı...

Qeyri-peşəkar mühasib "Mənfəət vergisi bəyannaməsini" hazırladı...

Vergi Apelyasiya Şurasının iclasında müəssisənin rəhbərinin etirafına necə reaksiya verdilər?

Vergi Apelyasiya Şurasının iclasında Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan “Monokristal” MMC-nin rəhbəri Əliyev Aydın Yusif oğlunun mal qalığına görə kameral qaydada hesablanmış əlavə vergi məbləğinin ləğv edilməsi barədəki müraciətinə də baxılmışdır.

İş üzrə toplanmış materialların müzakirəsi nəticəsində belə qənaətə gəlinmişdir ki,    təkrar şikayət təmin edilməməlidir. Belə ki, 2009-cu ilin aprel ayı üzrə hesablanmış ƏDV məbləği müəssisə tərəfindən təqdim edilmiş 2008-ci ilin mənfəət vergisi bəyannaməsinə əsasən həyata keçirilmişdir. Müəssisənin rəhbəri 2008-ci ilin mənfəət vergisinin bəyannaməsinin səhv tərtib olunduğunu, orada göstərilənlərin reallığı əks etdirmədiyini etiraf edərək, və qanunvericiliyin tələbini bilmədikləri üçün dəqiqləşmiş bəyannaməni təqdim etmədiklərini bildirimişdir. Vergi Məcəlləsinin 72.5-ci maddəsinə müvafiq olaraq, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.

Vergi Apelyasiya Şurasının iclasında müəssisənin rəhbəri müəssisənin mühasibatlığından, hadisələrin faktiki vəziyyətindən məlumatsız olduğunu qeyd etmiş, təkrar şikayəti ilə bağlı əlavə materialların və sübutların olmadığını bildirmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.

Müəssisə ilə vergi orqanı arasında “Vergi hesabatlarının elektron göndərilməsi haqqında” 14.12.2007-ci il tarixli müqavilə bağlanılmış və həmin müqavilədə  elektron sənəd mübadiləsi üçün istifadə olunan istifadəçi kodu, şifrə və parolu məxfi saxlamaq vergi ödəyicisinin öhdəliyi hesab edilmişdir. Lakin, müəssisənin rəhbəri 2008-ci ilin mənfəət vergisinin bəyannaməsinin muzdlu işçisi hesab olunmayan qeyri-peşəkar mühasib tərəfindən təqdim olunduğunu bildirmişdir ki, bu hal da onun müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etmədiyini göstərir.

Müvafiq bəyannamənin başqası tərəfindən tərtib edilməsi və ya dəqiqləşdirilmiş bəyannamənin vaxtında təqdim edilməməsi vergi ödəyicisini qanunla müəyyən edilmiş məsuliyyətdən azad etmir.

Qeyd olunanları nəzərə alaraq, “Monokristal” MMC-nin təkrar şikayətlərinin təmin edilməməsi barədə qərar çıxarılmışdır.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər