Vergi Məcəlləsində yeni MARAQLI Dəyişiklik
Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bu maraqlı dəyişikliyi şərh edir
Azərbaycanda vergi ödəyiciləri vergi ilə bağlı yarana biləcək problemlərin qarşısını əvvəlcədən almaq, eləcə də vergi yoxlamaları ilə üzləşməmək imkanı qazanıblar.
«APA-Economics»in məlumatına görə, Vergi Məcəlləsinə edilən son dəyişiklik və əlavələrə əsasən, bunun üçün vergi ödəyiciləri ilə vergi orqanı arasında tərəfdaşlıq sazişi bağlanacaq. Bu məqsədlə məcəlləyə «vergi riskləri», «vergi risklərinin minimallaşdırılması» və «vergi partnyorluq sazişi» kimi anlayışlar daxil edilib. Vergi riskləri vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi səbəbindən vergi ödəyicisinin maliyyə itkilərinə məruz qalması ilə bağlıdır.
Vergi risklərinin minimallaşdırılması isə vergilərin ödənilməməsinin mənfi təsirinin azaldılmasından ibarətdir. Məcəlləyə əsasən, vergi risklərinin minimuma endirilməsi məqsədilə vergi orqanı ilə vergi ödəyicisi arasında vergi partnyorluğu sazişi bağlana bilər. Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirib ki, vergi partnyorluğunun yaranması üçün vergi ödəyicisi ilə vergi orqanı arasında vergilərlə bağlı mövcud ola biləcək problemlər əvvəlcədən müzakirə olunacaq: «Risk yarada biləcək bütün nüanslar müəyyən ediləcək. Sonra həmin öhdəliklərin yerinə yetirilməsi üçün partnyorluq sazişi bağlanacaq və sonrakı dövrlərdə vergi orqanı tərəfindən vergi ödəyicilərinə əlavə yoxlamalar və inzibatçılıqla bağlı təsirlər olmayacaq. Yəni, vergi ödəyicisinin inzibatçılıq xərci minimuma enəcək».
0 Komment
Şərh yazın