Milli Məclisin bugünki iclasında GÖZLƏNİLMƏZ HADİSƏ
Millət Vəkili Azərbaycan xalqını ... "Qiyamət günü"ndən qurtulmaq münasibətilə təbrik edib
Milli Məclisin növbəti iclası cümə günü öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasın açılışında deputat Qüdrət Həsənquliyev söz alaraq Azərbaycan xalqını qarşıdan gələn Yeni il bayramı, həmçinin "Qiyamət günü"ndən qurtulmaq münasibətilə təbrik edib.
Deputat Yeni il qabağı əfvlə bağlı qərarın qəbul olunmasının vacibliyini qeyd edib. O, Əfv Komissiyasına müvafiq siyahı hazırlamağı təklif edib.
Deputat Zahid Oruc öz çıxışında "böyük Allahın rizası ilə bu günə salamat çıxmağımızı" qeyd edib və enerji məsələlərində problemlərin olmayacağına əminliyi vurğulayıb.
"İnanıram ki, insanlarımız dünyanın bu böyük biznes layihəsinə uymayacaqlar, öz gündəlik iş rejimlərindən çıxmayacaqlar", - Oruc deyib.
Deputat Fazil Mustafa iclasda Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini qabardıb. "Gürcüstandan Azərbaycana müalicə və yaxud digər problemlərini həll etmək üçün gələnlər bir neçə gün gec qayıtdıqda 400 manat cərimə olunur. Biz artıq Gürcüstanda yaşayan insanlara adi miqrant kimi baxmalı deyilik, bu münasibəti dəyişməliyik", - Mustafa bildirib.
Milli Məclisin cümə günü keçirilən iclasında Ali Məhkəmə hakimlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin, Sumqayıt Apelyasiya Məhkəməsi hakiminin təyin edilməsi, "Mədəniyyət haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi gözlənilir.
İclasda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında" sazişin, "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında" Protokolunun, "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişin, "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi, Türk Şurasının İkinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun müzakirə ediləcək.
Milli Məclisdə Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna, Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci Protokola, Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola, "Poçt ödəniş xidmətləri haqqında" Sazişə qoşulmaq barədə qanununun layihələri və digər məsələlər müzakirə olunacaq.
0 Komment
Şərh yazın