Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddəti ilə bağlı vacib məqam

Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddəti ilə bağlı vacib məqam

 

Qeyd etdiyimiz kimi Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyəti iki hissədən ibarətdir: əsas və əlavə məzuniyyət. Bu iki məzuniyyət birlikdə əmək məzuniyyəti adlanır. Əsas məzuniyyət qeyd etdiyimiz kimi 21, 30, 35, 42, 46, 56 təqvim günündən ibarətdir. Əlavə məzuniyyət isə daha qısa günlərdən ibarətdir və xüsusi hallarda verilir. Əlavə məzuniyyət aşağıdakı hallarda verilir.

- Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər;

- Əmək stajına görə əlavə məzuniyyətlər;

- Uşaqlı qadınların əlavə məzuniyyətləri;

 

Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilir. Həmin qərarda göstərilən yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə verilən əlavə məzuniyyətlərin müddəti 6 təqvim günündən az olmamalıdır. Demək, belə sahələrdə işləyən işçilərə ən azı 6 təqvim günü müddətində əlavə əmək məzuniyyəti verilməlidir. Bu hal işçi ilə bağlanılan əmək müqaviləsində öz əksini tapmalıdır.

 

Əlavə məzuniyyətlə bağlı xüsusi bir hal var. İlk növbədə, əmək şəraiti zərərli və ağır olan iş yerlərində çalışan işçilər üçün bu əlavə məzuniyyət hüququ həmin müəssisədə üst-üstə altı ay işlədikdə yaranır və iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Bunu necə başa düşmək olar?

Fərz edək ki, işçi əmək şəraiti zərərli və ağır olan iş yerində çalışır. O, 01.02.2008-ci il tarixində əmək müqaviləsi bağlamaqla işə başlayıb. İşçi 01.10.2008-ci il tarixində ərizə ilə müraciət edir ki, onu əmək məzuniyyətinə buraxsınlar. O, əsas və əlavə məzuniyyətdən bir yerdə istifadə etmək istəyir. Müəssisə həmin işçini 30 gün əsas məzuniyyətlə, 6 gün isə əlavə məzuniyyətlə təmin edir. Bu, düzgün deyil. İşçiyə 30 gün əsas məzuniyyətin verilməsi düzgün olsa da, əlavə məzuniyyət faktiki işlədiyi müddətə uyğun təmin olunmalıdır.

12 aya görə (iş ilinə görə) 6 gün əlavə məzuniyyət düşürsə, onda 01.02.2008-ci ildən 01. 10. 2008-ci ilə kimi olan 8 aya görə isə 4 gün əlavə məzuniyyət verilməlidir.

İndi isə misalın davamına diqqət yetirək. İşçi sonrakı iş ili üçün əmək məzuniyyətinin (01.02.2009-cu ildən 01.02.2010-cu ilə kimi olan iş ili üçün) 01.05.2009-cu ildə təmin edilməsini istəyir. Təcrübədə belə hallara rast gəlinir. Bu zaman müəssisə yenə 30 gün əsas məzuniyyət və 6 gün əlavə məzuniyyət verir. Bu yenə də düzgün deyil. İlk növbədə işçinin bu iş yerində neçə vaxtdan bəri işlədiyini müəyyənləşdirmək lazımdır. Məlum olur ki, işçi 01 02.2008-ci ildən 01 05.2009-cu ilə kimi olan dövrdə 15 ay işləyib. İndi isə bu müdətdə işçiyə neçə gün əlavə məzuniyyət düşdüyünü hesablayaq.

12 aya görə (iş ilinə görə) 6 gün əlavə məzuniyyət düşürsə, 15 aya görə isə 7,5 gün (daha doğrusu, 7 gün) əlavə məzuniyyət verilməlidir. Nəzərə alsaq ki, işçi bu əlavə məzuniyyətin 4 günündən istifadə edib, onda ikinci iş ilinin əmək məzuniyyətini 15 aydan sonra istifadə etdiyinə görə ona 6 gün yox, yerdə qalan 3 gün əlavə məzuniyyət verilməlidir. Bu məsələlərdə çox diqqətli olmaq lazımıdır.

 

1 Komment

  1. Səhla sultanova 03 İyun 2020

    Mən 22 il iş stajim var tibb bacısi vəzifəsində fasilesiz 06_1997-ildən hal hazira kimi onun son 7 ili dogum bölmündə diplom isə tibb bacisinin işi mənə neçə gün məzuniyyət düşür? Dogum bölümünə görə elave 6 gün mənə duşür yoxsa yox ?

Şərh yazın

Xəbərlər