Anar Bayramovun təqdimatında: Əməkhaqqı üzrə icbari tibbi sığortanın hesablanması

Anar Bayramovun təqdimatında: Əməkhaqqı üzrə icbari tibbi sığortanın hesablanması

“vergiler.az” mövzu ilə bağlı iqtisadçı ekspert Anar Bayramovun şərhini təqdim edir.

Əməkhaqqından icbari tibbi sığorta haqqının tutulması muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergidə olduğu kimi iki kateqoriyaya bölünür:

- neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sahələr üzrə;

- neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli, 56 nömrəli qərarı ilə neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları təsdiq olunub. Həmin qərara əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sahələr üzrə əməkhaqqından icbari tibbi sığortanın hesablanması aşağıdakı şəkildə olacaq:

Qərara əsasən, sığortalı (işəgötürən və ya vergi ödəyicisi) tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan (işçi) tərəfindən əmək haqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

Misal 1: Dövlət şirkətində çalışan işçinin 2021-ci ilin yanvar ayı üzrə əməkhaqqı 800 manatdır. Bu halda həmin işçiyə hesablanacaq icbari tibbi sığorta məbləği 16 manat olacaq.

800 x 2% = 16 manat.

Həmçinin, dövlət orqanı da işçinin əməkhaqqı fondundan 16 manat (800 manat x 2%) məbləğində icbari tibbi sığorta hesablayacaq.

Misal 2: Neft-qaz şirkətində çalışan işçinin 2021-cilin yanvar ayı üzrə əməkhaqqı 8.600 manatdır. Bu zaman həmin işçiyə hesablanacaq icbari tibbi sığorta məbləği 163 manat olacaq:

8.000 x 2% = 160 manat;

8.600 - 8.000 = 600 manat;

600 x 0,5% = 3 manat;

160 + 3 manat = 163 manat.

Beləliklə, işçinin əməkhaqqından 163 manat tutulacaq.

Neft-qaz şirkəti də eyni hesablama tətbiq etməklə işçinin əməkhaqqı fondundan 163 manatlıq icbari tibbi sığorta hesablayacaq. İşsizlikdən sığortada olduğu kimi, icbari tibbi sığorta üzrə də həm işəgötürən, həm də işçi üçün eyni faiz dərəcələri və hesablama metodu tətbiq edilir.

Bəs özəl qurumlarda əməkhaqqından tutulma necə aparılır?

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə əməkhaqqından icbari tibbi sığortanın hesablanması ilə bağlı güzəşt nəzərdə tutulmuşdu. Qanunun keçid müddəasına əsasən, əməkhaqqının 8.000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq olunurdu. Bu da o anlama gəlirdi ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə hesablamalarda əməkhaqqının 8.000 manata qədər olan hissəsinə qeyd edilən tarixədək 2 faiz yox, 1 faiz tutulma tətbiq edilirdi.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər