Ezamiyyə əmr üçün əsasən olan xidməti yazı necə tərtib olunmalıdır?
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə
İşçinin ezamiyyətə göndərilməsi əmrinin verilməsinin əsası kimi bir çox sənədə istinad edilə bilər. Bunlardan ən əsası xidməti yazıdır. Həmin sənəd xidməti tapşırıq da adlandırıla bilər. Prinsip etibarı ilə sənədin adının elə bir əhəmiyyəti olmadığından, mürəkkəblik olmasın deyə biz onu rəhbərliyin məlumatlandırılması və izahat məqsədilə müəssisədaxili sənəd dövriyyəsində əsas yer tutan xidməti yazı adlı sənəddən fərqləndirmirik.
Onu da qeyd edək ki, heç bir qanunvericilik aktında işçinin ezamiyyətə göndərilməsi üçün xidməti yazıdan (və ya hansısa digər sənəddən) istifadə olunması tələbi yoxdur. Biz bu formanı əmrin əsaslandırılmasının sadə mexanizminin formalaşdırılması və ən əsası təşkilatdaxili sənəd dövriyyəsinin nizamlanması məqsədi ilə təklif edirik. Qanunvericilikdə qeyd olunur ki, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Təbii ki, əmrin əsaslandırılması və bu əsaslandırmanın sənədlərlə rəsmiləşdirilməsi vacib olduğundan biz xidməti yazını təklif edirik.
Ezamiyyə əmrinin müqaviləyə və yaxud ona əlavə edllən sənədə istinadən verilməsi də mümkündür. Tutaq ki, Bakıda yerləşən “İctimai fikir” İctimai Birliyi Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyinin maliyyə dəstəyi ilə Zərdab rayonunda layihə həyata keçirir. Bu barədə müqavilədə və ona əlavə olunan büdcədə müvafiq qeydlər olur. Artıq bu zaman ezamiyyə əmrinin verilməsi zamanı müqaviləyə istinad mümkündür. Ancaq o da mümkündür ki, Zərdab rayonuna ezamiyyəyə göndəriləcək işçilərin tabe olduğu struktur bölməsinin rəhbəri təşkilatın direktorunun adına xidməti yazı yazsın və əmrin əsası kimi yenə də xidməti yazıya istinad olunsun.
İşçinin ezamiyyətə göndərilməsi ilə bağlı xidməti tapşırığın əks etdirildiyi nümunəvi xidməti yazı formasını təqdim edirik:
“Alov” MMC-nin direktoru
Nəbili Nüsrət Nadir oğluna
Satış şöbəsinin müdiri
Hüseynov İmran Əsgər oğlu tərəfindən
Xidməti yazı
İşçinin danışıqlar aparması məqsədilə ezamiyyətə göndərilməsi barədə
Xahiş edirəm, satış bazarının masştabının böyüdülməsinin və satışın həcminin artırılmasının vacibliyini nəzərə alaraq Satış şöbəsinin aparıcı mütəxəssisi Əliyev İlqar Aslan oğlunu potensial alıcılarla danışıqların aparılması və alqı-satqı müqaviləsinin bağlanılması məqsədi ilə 11 avqust 2019-cu il tarixdən 13 avqust 2019-cu il tarixinə kimi, 3 günlüyünə “Alov” MMC-nin Gəncədə yerləşən filialına ezamiyyətə göndərəsiniz.
Satış şöbəsinin müdiri ____________Hüseynov İmran Əsgər oğlu
07.08.2019
Daha bir nümunə
“Alov” MMC-nin direktoru
Nəbili Nüsrət Nadir oğluna
Reklam şöbəsinin müdiri
Qasım Qasım Adil oğlu
tərəfindən
Xidməti yazı
Sərgidə iştirakla bağlı işçinin ezamiyyətə göndərilməsi barədə
15-16 avqust 2019-cu il tarixində Bakı şəhərində “İnşaat materiallarının IX ənənəvi Azərbaycan sərgisi” keçiriləcək. Xahiş edirəm, “Alov” MMC-nin istehsal etdiyi tikinti məhsullarının Cəmiyyətimiz üçün ayrılmış stenddə nümayiş etdirilməsi və sərgi iştirakçılarının suallarının cavablandırılması məqsədi ilə Reklam şöbəsinin əməkdaşları Cavadova Hüsniyyə Arif qızının və Namazova Əsli Hüseyn qızının 14 avqust 2019-cu il tarixdən 17 avqust 2019-cu il tarixinə kimi, 4 günlüyünə Bakı şəhərinə ezam olunmasını təmin edəsiniz.
Reklam şöbəsinin müdiri ____________Qasımov Q.A.
07.08.2019
Satışda olan NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
0 Komment
Şərh yazın