Fərdi əmək mübahisələrində ən diqqətçəkən 5 VACİB MƏQAM - iddia müddəti necə tənzimlənir?

Fərdi əmək mübahisələrində ən diqqətçəkən 5 VACİB MƏQAM - iddia müddəti necə tənzimlənir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

İşçilər fərdi əmək mübahisələrində ən çox yanlışlığa iddia müddətinin gözlənilməsi məsələsində yol verirlər. İddia müddətinin ötməsi səbəbindən işəgötürənlər məhkəmədə işçinin iddiasını rahat şəkildə ləğv edirlər. Gəlin,  iddia müddətləri ilə bağlı Əmək Məcəlləsinin 296-cı, “Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə işçinin təkbaşına tətil etmək hüququ və qaydası” maddəsində nəzərdə tutulan vacib məqamlara diqqət yetirək.

Birinci məqam. İşçi birbaşa məhkəməyə müraciət edirsə, o zaman hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Mİsal. “A” MMC işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 30 oktyabr 2019-cu ildə işdən azad edib və əmək kitabçasını da həmin gün təqdim edib. İşçi bir çox müəssisələrə işə qəbul üçün müraciət etsə də, əmək müqaviləsinə xitam verilməsi səbəbinə görə onu işə qəbul etmirlər. İşçi 15 dekabr 2019-cu il tarixdə “A” MMC-ni məhkəməyə verir ki, onun əmək müqaviləsinə xitam verilməsini düzgün rəsmiləşdirməyib. Artıq işçi iddia müddətini ötürdüyü üçün, onun iddiasına baxılmayacaq.

İkinci məqam. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Mİsal. “A” MMC 31 oktyabr 2021-ci il tarixdə işçini işdən azad etsə də, əmək kitabçasının verilməsi 15 noyabr 2021-ci ildə həyata keçirilib. Bu zaman işçi 15 dekabr 2021-ci il tarixədək məhkəməyə müraciət etsə, iddia müddətini ötürmüş sayılmayacaq. İşdən azad olunma müddətindən bir aydan çox – 45 gün keçməsinə baxmayaraq, əmək kitabçasının verilməsi tarixi işçinin hüququnun pozulmasının aşkar edildiyi gün hesab edilir.

Üçüncü məqam. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Mİsal. İşəgötürən işçinin əmək müqaviləsinə 31 oktyabr 2021-ci il tarixdə xitam verməsinə baxmayaraq, əmək haqqı ödənişlərini tam həyata keçirməyib. İşçi 1 mart 2022-ci il tarixdə qərara gəlir ki, əmək haqqının ödənilməməsi ilə bağlı məhkəməyə müraciət etsin. Artıq məhkəməyə müraciət vaxtı ilə əmək müqaviləsinin xitam tarixi arasında 4 aydan çox vaxt keçməsinə baxmayaraq iddia müddəti ötmüş hesab olunmur. Çünki işçinin iddia ərizəsində pul tələbləri olduğu üçün iddia müddəti 1 il hesab olunur.

Dördüncü məqam. İddia müddətləri üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda, məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

Mİsal. İşəgötürən işçinin əmək müqaviləsinə 31 oktyabr 2021-cu ildə xitam verib. Amma həmin günlərdə işçinin babasının rəhmətə getməsi səbəbindən 22 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciət edir ki, “A” MMC-nin onunla bağladığı əmək müqaviləsinin xitamına əsas verən maddəni qəbul etmir. Bir təqvim ayı müddətinin ötməsinə baxmayaraq, babasının rəhmətə getməsi üzrlü səbəb hesab olunduğu üçün, iddia müddətinin artmasına əsas verir.

Qeyd edək ki, iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

Beşinci məqam. İşçinin kollektiv əmək müqaviləsində nəzərdə tutulan orqana müraciət tarixi üzrə iddia müddəti 3 aydır.

Mİsal. İşəgötürən həmkarlar ittifaqı təşkilatı ilə bağlanılmış kollektiv müqaviləyə uyğun olaraq həmkarların nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradılıb. “A” MMC işçiyə 15 oktyabr 2021-ci il tarixdə intizam tənbehi verir. İşçi həmin intizam tənbehi ilə razılaşmır və 22 noyabr 2021-ci il tarixdə mübahisənin məhkəməyə qədərki qurum tərəfindən araşdırılması üçün həmkarların nəzdindəki orqana müraciət edir. İddia müddətindən 1 ay keçməsinə baxmayaraq, bu orqana müraciət üçün iddia müddəti 3 ay olduğundan müddət ötmüş hesab edilmir.

Bu məsələdə vacib məqam odur ki, işçi və ya işəgötürən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərardan narazı olarsa, qərar işçini və ya işəgötürəni qane etməzsə, onlar mübahisənin həlli üçün məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

Misalımızın davamı olaraq qeyd edək ki, məhkəməyə qədər mübahisəyə baxan orqan 15 yanvar 2021-ci il tarixdə işçiyə qərarı təqdim edir ki, işəgötürən işçiyə intizam tənbehi verməkdə haqlıdır. Bu halda işçi qərar təqdim olunan gündən bir ay müddətində məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, işçi ona 15 oktyabr 2021-cı ildə intizam tənbehi verilməsi qərarından 15 yanvar 2022-ci il tarixindən sonrakı 1 ay ərzində məhkəməyə şikayət edə bilər.

Son dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsinin yeddinci hissəsinə əsaən, Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər