Məzuniyyətinə görə Kompensasiyanın hesablanmasında əlavə məzuniyyətlərin nəzərə alınması

Məzuniyyətinə görə Kompensasiyanın hesablanmasında əlavə məzuniyyətlərin nəzərə alınması

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Həmçinin, həmin maddənin üçüncü hissəsində qeyd edilir ki, əmək münasibətlərinə xitam verilərkən Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Maraqlıdır ki, işəgötürən Əmək Məcəlləsinin 117-ci maddəsində nəzərdə tutulan uşaqlı qadınların əlavə məzuniyyətləri üzrə günləri kompensasasiya zamanı nəzərə almalıdır, yoxsa ikinci hissədə qeyd edildiyi kimi, yalnız əsas məzuniyyətə görə kompensasiya hesablanmalıdır.

Mİsal. 30 təqvim günü əsas məzuniyyəti olan işçinin əmək ştajı və əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə müvafiq olaraq 4 iş günü və 6 iş günü əlavə məzuniyyəti var. Bundan əlavə, 14 yaşınadək iki uşağı olduğu üçün də 2 gün əlavə məzuniyyət hüququ var. İşçi 6 ay işlədikdən sonra işdən öz xahişi ilə çıxır. Hesab edək ki, işlədiyi 6 aylıq dövrdə işçi əmək məzuniyyəti hüququndan istifadə etməyib.

Kompensasiyanın hesablanması üçün istifadə edilməmiş məzuniyyət günlərini tapaq.

Əsas məzuniyyət üzrə:

(30 gün x 6 ay) / 12 ay = 15 gün

Əlavə məzuniyyətə görə:

- Əmək stajına görə əlavə məzuniyyət – hesablanmır;

- Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə - hesablanmır;

- 14 yaşınadək iki uşağı olmasına görə - (2 gün x 6 ay) /12 ay = 1 gün hesablanması Məcəllədə boşluq kimi dəyərləndirilə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri hesab edirlər ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci və üçüncü hissələri arasında ziddiyyət var. Nazirliyin hazırkı mövqeyi belədir ki, əmək müqaviləsinə xitam zamanı yalnız əmək məzuniyyətinin əsas hissəsi üzrə kompensasiya hesablansın. Əmək Məcəlləsinin 115, 116 və 117-ci maddələrində nəzərdə tutulan əlavə məzuniyyətlərə görə kompensasiya hesablanmamalıdır.

Əmək Məcəlləsinə əsasən, bəzi kateqoriyalı işçilərin təhsil, yaradıcılıq və sosial məzuniyyət hüququ var. İşçi bu tip məzuniyyət növlərindən istifadə etmədiyi halda, işdən çıxan zaman onlara kompensasiya hesablanması nəzərdə tutulmur. Maddədən göründüyü kimi, əmək münasibətlərinə xitam verilərkən təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Mİsal. İşəgötürən işləməklə yanaşı, doktoranturada (adyunkturada) təhsil alan işçinin əmək müqaviləsinə onun öz xahişi ilə xitam verir. Əmək Məcəlləsinin 122-ci maddəsinə görə, belə işçinin hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət hüququ var. İşçi işdən çıxana qədər həmin hüququndan istifadə etməyib. İşçi bu hüququndan istifadə etməməsinə baxmayaraq, ona kompensasiya ödənilməyəcək.

Əgər işçi işlədiyi dövrdə kompensasiya alıbsa, o zaman istifadə edilməmiş məzuniyyətə görə ödənilən kompensasiyada əlavə məzuniyyətlər nəzərə alınacaq. Çünki Əmək Məcəlləsinin 135-ci maddəsinin ikinci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən  istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Həmçinin, Əmək Məcəlləsinin 113-cü maddəsində qeyd edilir ki, əmək məzuniyyəti əsas və əlavə məzuniyyətdən ibarətdir. O səbəbdən də işəgötürən işçiyə işlədiyi halda istifadə edilməyən məzuniyyətə kompensasiya hesablayarkən həm əsas, həm də əlavə məzuniyyət günlərini nəzərə almalıdır.

 

Mİsal1. 30 gün əsas məzuniyyət, 6 gün əlavə məzuniyyət hüququ olan işçi əsaslandırılmış səbəblərdən başa çatan iş ili üzrə məzuniyyət hüququndan istifadə edə bilməyib. Cari iş ilində işəgötürən işçiyə istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödədikdə, 36 gün (30 (əsas) + 6 (əlavə)) üçün kompensasiya hesablayacaq.

Bir məsələni də bildirək ki, istifadə edilməmiş əsas məzuniyyətə görə hesablanan kompensasiyadan bütün icbari ödənişlər (gəlir vergisi, məcburi dövlət sosial ayırması, işsizlikdən sığorta və icbati tibbi sığorta) tutulmalıdır.

 

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Nəbi 21 İyun 2022

    Salam. Bir şəxs eyni şirkəttə iki vəzifə tuta bilərmi? Əgət tuta bilərsə necə rəsmiləçdirilməlidir? Onun adı Əmək haqqı hesablama cədvəlində 2 dəfə mi yazılacaq, yoxsa 1 dəfə yazılmalı və əmək haqqına əlavə olunur? Əvvəlcədən təşəkkür edirəm.

Şərh yazın

Xəbərlər