İşçi başqa yerə ezam olunduqda, məzuniyyət vaxtının dəyişməsi necə rəsmiləşdirilir?
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə
Məzuniyyətlərin növbəlilik qrafikinə dəyişiklik edilməsi hallarından biri də işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün işçinin başqa yerə ezam edilməsidir. Ola bilər ki, işçi qabaqcadan planlaşdırılmadığı halda müəssisənin fəaliyyəti ilə bağlı vacib bir iş üçün (müqavilə bağlanılması, danışıqlar aparılması, sərgidə iştirak və sair) başqa şəhərə və yaxud ölkəyə ezam olunsun və bu tarix işçinin məzuniyyət dövrü ilə üst-üstə düşsün. Bu halda işçinin razılığı alınmaqla işəgötürən tərəfindən imzalanan ezamiyyə əmrində işçinin məzuniyyəti ilə bağlı qrafikdə dəyişiklik edilməsi tapşırığı da nəzərdə tutula və ya qrafikdə dəyişiklik edilməsi ilə bağlı ayrıca əmr imzalana bilər. Ezamiyyələr bölməsində ezamiyyətlərin rəsmiləşdirilməsi barədə geniş məlumat verildiyindən biz ezamiyyə zərurəti ilə bağlı qrafikə dəyişiklik edilməsini nəzərdə tutan ayrıca əmrin nüminəvi formasını təqdim edirik. Belə hallarda ehtiyac yaranarsa, işçinin işlədiyi şöbənin müdiri tərəfindən təşkilatın rəhbərinin adına xidməti yazı təqdim olunur. Nümunəvi formaları növbəti səhifədə təqdim edirik:
“Alov” MMC-nin direktoru
Nəbili Nüsrət Nadir oğluna
Marketinq şöbəsinin müdiri
Quliyev Rza Əşir oğlu tərəfindən
Xidməti yazı
Beynəlxalq sərgidə təqdimatın edilməsi barədə
12 iyun 2019-cu ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Sənaye məhsullarının satış sərgisi - 2019” tədbiri keçiriləcək. “Alov” MMC-nin məhsullarının beynəlxalq bazarlarda tanınması, ixracın və ona mütənasib olaraq satışın həcminin artırılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə həmin tədbirdə məhsullarımız barədə geniş təqdimat olunmasını zəruri sayıram. Təşkilatımızı sərgidə yüksək səviyyədə təmsil etmək üçün ingilis və rus dillərini mükəmməl bilən və məhsullarımızı müştərilərə peşəkarlıqla təqdim etməyi bacaran Satış şöbəsinin aparıcı mütəxəssisi Əliyev Malik Teymur oğlunun namizədliyini irəli sürürəm.
Sərginin keçirilmə tarixi Əliyev Malik Teymur oğlunun məzuniyyətlərin növbəlilik qrafikində nəzərdə tutulmuş əmək məzuniyyəti dövrünə təsadüf etdiyindən əmək məzuniyyətinin işçi ilə razılaşdırılaraq münasib dövrə keçirilməsi şərti ilə qrafikdə müvafiq düzəlişlərin aparılmasına göstəriş verməyinizi xahiş edirəm.
___________ Quliyev R.Ə.
Tarix: ________
Əmrin nümunəvi forması
Blank “Alov” MMC
ƏMR
№________
Mingəçevir şəhəri ___ ________________2019-cu il
2019-cu il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafikinə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 134.4-cü maddəsinin “c” bəndinə və marketinq şöbəsinin müdiri Quliyev Rza Əşir oğlunun ___ ________2019-cu il tarixli Xidməti yazısına uyğun olaraq
ƏMR EDİRƏM:
- Marketinq şöbəsinin işçisi Əliyev Malik Teymur oğlunun 2019-cu il üçün məzuniyyətlərin növbəlilik qrafikində 01 iyun 2019-cu il tarixindən 30 iyun 2019-cu il tarixinədək nəzərdə tutulmuş 30 təqvim günü əmək məzuniyyəti (əsas və əlavə məzuniyyət müddəti göstərilməklə) 11-13 iyun 2019-cu il tarixində Moskva şəhərinə ezam olunması səbəbindən işçi ilə razılaşdırılmaqla onun üçün münasib vaxta - ___ _______ 2019-cu il tarixindən ____ _______ 2019-cu il tarixinədək olan dövrə keçirilsin.
- Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı ____ ________2019-cu il tarixli, _____№-li əmrlə təsdiq edilmiş əmək məzuniyyətlərinin növbəlilik qrafikində müvafiq dəyişikliyi həyata keçirsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Əmrlə tanış oldum:
__________ Əliyev M.T.
ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim
Təlimin adı: ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"
Tarix: 18 iyun 2022-ci il saat 10:00
Müddət: 4 saat
Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın