İşçiyə 3 il sonra kompensasiya ödəsəm, yenə cərimə olunacam?

İşçiyə 3 il sonra kompensasiya ödəsəm, yenə cərimə olunacam?

Mks.az saytının eksperti Günel Səlimovanın təqdimatında

Sual: Sizə bir sualım var, cavablandırsanız sevinirəm. İşçi 2105-ci ildə Əmək Məcəlləsinin 74-cü maddəsinin a bəndinə əsasən, hərbi xidmətə çağrıldığına görə işdən azad olunub.  2016-cı ildə yenidən müəssisəyə qayıdıb, hazırda orda işləyir. Bu ay məlum olub ki, işçi 2015-ci ildə işdən çıxarkən ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilməyib. İndi həmin kompensasiyanı ödəmək nə dərəcədə doğrudur? Ödənilsə, hər hansı problem yarana bilərmi?

 Əzizə Cavadova

Cavab: Suala cavab vermək üçün əvvəlcə əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi qaydalarına baxaq. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci və 172-ci maddəsinin 4-cü bəndlərinə əsasən işçinin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) tam məbləğdə sonuncu iş günü işçiyə verilməlidir.

Kompensasiyanı ödəyə bilərsiniz, lakin bu sizi məsuliyyətdən azad etməyəcək. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin  192-ci maddəsinə görə, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə,vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Əgər işçi işdən azad olunmasaydı, o zaman kompensasiyanın nə zaman ödənilməsi yox, ümumiyyətlə ödənilməməsi məsələsi önə çıxardı. Sizin halınızda isə işçi bir dəfə işdən çıxıb və ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya verilməyib. Bu, artıq inzibati məsuliyyət yaradan haldır.

 

1 Komment

  1. Samir 21 May 2018

    Burada inzibati məsuliyyətlə bağlı məsələ birmənalı deyil. Kompensasiyanın ödənilməməsi (işəgötürənin hərəkətsizliyi) xarakterinə görə uzanan inzibati xətadır. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xəta törədildiyi gündən ən geci 3 ay keçənədək (məsələyə aid olmayan istisnalarla, o cümlədən davam edən inzibati xətalarda fərqli prosedur müəyyən edilib) tətbiq edilə bilər.

Şərh yazın

Xəbərlər