MÜHÜM DƏYİŞİKLİK: Məzuniyyət zamanı işçinin məzuniyyət haqqının sonuncu əmək haqqı ilə müqayisəsi (NÜMUNƏLƏRLƏ)
Növbəti tematik təlimimiz 20 dekabr 2025-ci il (şənbə günü) keçiriləcək. Təlimin mövzusu: “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi”. Təlim həm əyani (Caspian Plaza), həm də onlayn (ZOOM) formatında təşkil olunacaq və 10:00–13:00 aralığında baş tutacaq.
Əmək Məcəlləsinin 111-ci maddəsində (“Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları”) nəzərdə tutulur ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin, Məcəllədə müəyyən edilmiş hallarda, orta əmək haqqı saxlanılmalıdır.
Təklif edilən dəyişiklikdə isə qeyd olunur ki, məzuniyyətdə olan işçinin həmin dövr üçün orta əmək haqqı onun sonuncu əmək haqqından az olmamaq şərti ilə saxlanılmalıdır. Təklifdən göründüyü kimi, məzuniyyət hüququndan istifadə edən işçinin aldığı məbləğ heç bir halda onun məzuniyyətə çıxmazdan əvvəl aldığı sonuncu əmək haqqından az ola bilməz.
Əmək Məcəlləsinin 111-ci maddəsinə əlavə edilməsi təklif edilən “sonuncu əmək haqqından az olmamaqla” ifadəsinin mahiyyətini aşağıdakı misallar əsasında izah edək.
İşçinin məzuniyyətdə olduğu dövr üzrə ödəniləcək məbləğ aşağıdakı iki göstərici ilə müqayisə edilir:
-
Orta əmək haqqı əsasında hesablanmış məzuniyyət haqqı
-
İşçi məzuniyyətə çıxmadığı halda, yəni məzuniyyət dövrünə təsadüf edən tarixlərdə normal qaydada işlədiyi təqdirdə alacağı əmək haqqı
Əgər birinci göstərici ikinci göstəricidən çox olarsa, məzuniyyət haqqı birinci göstərici üzrə ödənilir. Əks halda isə ikinci göstərici əsas götürülür.
Nümunə 1
İşçi 6–13 fevral 2026-cı il tarixlərində (8 təqvim günü) əmək məzuniyyətindən istifadə edəcək. Fərz edək ki, işçinin son 12 ay ərzində əmək haqqı sabit olmuş və aylıq 1 000 manat təşkil etmişdir.
Son 12 ay üzrə bir təqvim günü üçün məzuniyyət haqqının hesablanması:
12 000 manat / 12 ay / 30,4 gün = 32,89 manat
6–13 fevral 2026-cı il tarixləri üzrə məzuniyyət haqqı:
32,89 × 8 təqvim günü = 263,16 manat
Qeyd olunan məzuniyyət dövrünə 6 iş günü düşür. Beşgünlük iş rejimi üzrə fevral ayında ümumilikdə 20 iş günü mövcuddur. Bu halda məzuniyyət dövrünə təsadüf edən 6 iş günü üçün əmək haqqı aşağıdakı kimi hesablanır:
(1 000 manat × 6 iş günü) / 20 iş günü = 300 manat
Beləliklə, işçi məzuniyyətə çıxmadığı halda həmin dövr üçün 300 manat əmək haqqı alacaqdı. Bu səbəbdən, 6–13 fevral 2026-cı il tarixləri üzrə məzuniyyət haqqı 263,16 manat deyil, 300 manat məbləğində ödənilməlidir.
Nümunə 2
Fərz edək ki, birinci nümunədəki eyni göstəricilərə malik olan işçi 6–9 fevral 2026-cı il tarixlərində (4 təqvim günü) əmək məzuniyyətindən istifadə edəcək.
6–9 fevral 2026-cı il tarixləri üzrə məzuniyyət haqqı:
Son 12 ay üzrə bir təqvim günü üçün məzuniyyət haqqının hesablanması:
12 000 manat / 12 ay / 30,4 gün = 32,89 manat
32,89 × 4 təqvim günü = 131,58 manat
Bu dövrə 2 iş günü (6 və 9 fevral 2026-cı il tarixləri) təsadüf edir.
2 iş günü üzrə əmək haqqı:
(1 000 manat × 2 iş günü) / 20 iş günü = 100 manat
Bu nümunədə, birinci haldan fərqli olaraq, işçiyə orta əmək haqqı əsasında hesablanmış məzuniyyət haqqı ödənilir. Çünki 131,58 manat məzuniyyət haqqı həmin dövr üçün hesablanmalı olan 100 manat əmək haqqından daha yüksəkdir.
Qeyd edək ki, 20 dekabr 2025-ci il tarixində “MKS Academy” tərəfindən keçiriləcək “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklərin izahı” mövzusunda tematik təlimdə bu və digər yeniliklərlə bağlı ətraflı məlumat təqdim olunacaq. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsinə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.
.jpg)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın