Qanunvericilikdə işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin stimullaşdırılması üçün əlavə şərtlər müəyyən edilib. Yenilikləri “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.

 

Əmək Məcəlləsinin 118-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

"Sosial müavinətlər haqqında” Qanunun tələblərinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət müəyyən edilib. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət məbləği 600 manat müəyyən edilib. Bundan əlavə, "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifǝ) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.

Əmək Məcəlləsinin 21-1-ci maddəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətlərini müəyyən edir. Həmin maddəyə əsasən, işin xüsusiyyətlərində aşağıdakılar nəzərə alınmalıdır:

- Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda (Maddə 21-1.1.1);

- Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə (Maddə 21-1.1.2);

- Mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda) (Maddə 21-1.1.3).

Əmək Məcəlləsində edilən sonuncu dəyişikliklə mütəxəssislərin məskunlaşma məsələsinə aydınlıq gətirilib. Belə ki, 21-1.1.3-cü maddǝyǝ "məskunlaşdıqda" sözündən sonra "(yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda)" sözləri əlavə edilib. Dəyişiklikdən göründüyü kimi, mütəxəssinin əmək qanunvericiliyində qeyd edilən üstünlüklərdən yararlanması üçün işğaldan azad edilmiş ərazilərdə yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınması lazımdır.

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir.

Maraqlı məqam olduğu yer üzrə qeydiyyata alınma prosesidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yeri üzrə Qazax rayonunda qeydiyyatda olan şəxsin Kəlbəcər rayonunda çalışması halında onun olduğu yeri üzrə qeydiyyata alınması mümkündür. Bu zaman mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Bu zaman dövlət orqanı vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

İndi isə dəyişikliyi misalla izah edək.

Misal: Tikinti sahəsində mühəndis vəzifəsində çalışan işçi Kəlbəcər rayonunda vergi uçotuna alınan hüquqi şəxslə əmək müqaviləsi imzalayıb. Bakı şəhərində qeydiyyatda olan işçi Kəlbəcər rayonunda tikinti işləri üçün quraşdırılan düşərgədə məşkunlaşıb. İşçi Kəlbəcər rayonunda yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınmadığı halda, Əmək Məcəlləsinin 21-1-ci maddəsinin tələblərinə uyğun hesab edilməyəcək.

Mənbə: “Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS üzrə tələblərin izahı" kitabı