Əmək haqqının gecikdirilməsinə görə hansı halda 1 faiz hesablanır?

Əmək haqqının gecikdirilməsinə görə hansı halda 1 faiz hesablanır?

Satışı  yekinlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
Mİsal 1. İşəgötürənin günahı ucbatından, yəni əmək haqqını vaxtında hesablamadığı üçün 5 gün ərzində 600 manatlıq əmək haqqı ödənilmir. Bu halda işəgötürən işçiyə 30 manat (600 x 5 gün x 1 faiz) ödənc verməlidir.
Qeyd: Əmək qanunvericiliyində “əmək haqqı işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.
Mİsal 2.  İşəgötürən işdən çıxan işçiyə 700 manatlıq son haqq-hesabı ödəməkdən imtina edib. Hadisədən 60 gün keçib. İşçi  iddia müddətini gözləməklə məhkəməyə müraciət edib. İşəgötürən məbləğin hesablanması ilə razılaşmadıqda,  1 faizlik ödənc hesablanmır. İşçi məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona dəyən maddi zərəri hesablayıb, işəgötürəndən tələb edir.
Mİsal 3.  İşəgötürən müəssisəyə xidmət edən bankın müflisləşməsi səbəbindən işçilərə 1000 manat əmək haqqı ödənilməsini gecikdirir. Bu halda 1 faizlik ödəncin hesablanması həyata keçirilməyəcək.
Qeyd: İşəgötürənin günahı olmayan hallara müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblər aid edilir.

0 Komment

    Şərh yazın