HR-ların diqqətinə! DƏMX elektron qaydada inzibati cərimə başlayır…

HR-ların diqqətinə! DƏMX elektron qaydada inzibati cərimə başlayır…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə: “Qanunvericilikdə artıq uyğun təkmilləşdirmə aparılıb”

Sosial sahədə geniş elektronlaşdırma proqramı əmək münasibətləri sahəsində bəzi inzibati xətaların elektron informasiya sistemləri vasitəsilə aşkarlanmasına, həmin xətalarla bağlı inzibati icraat işlərinin də e-qaydada aparılmasına şərait yaradıb. Bununla bağlı qanunvericilikdə artıq uyğun təkmilləşdirmə aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadənin müsahibəsini təqdim edirik:

- Orxan müəllim, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər əmək münasibətlərinə sahəsinə nəzarətin, inzibati xətalarla bağlı tədbirlərin elektronlaşdırılmasından irəli gəlir. İstərdik bu dəyişikliklərin mahiyyəti barədə məlumat verəsiniz...

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan elektronlaşma prosesi, o cümlədən Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin digər dövlət informasiya ehtiyatları ilə inteqrasiyası əmək qanunvericiliyinin bir sıra tələblərinin pozulması hallarının elektron informasiya sistemləri vasitəsi ilə də aşkar edilməsinə, əmək münasibətlərində inzibati xətalara yol vermiş işəgötürənlərlə bağlı icraat prosesinin də işəgötürənlərin işinə maneə törətmədən, müdaxilə etmədən, elektron infrastruktur üzərində aparılmasına imkan verir.

Bununla əlaqədar işəgötürənlərlə birbaşa təmas olmadan, informasiya sistemlərinin yaratdığı imkanlardan istifadə edilməklə əmək münasibətləri sahəsində qanun pozuntularının müəyyən edilməsi və müvafiq tədbirlərin təmassız və operativ görülməsinin hüquqi əsaslarının da formalaşması zərurəti yarandı. Bu səbəbdən Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişiklik edilməsi üçün layihə hazırladı və Məcəlləyə dəyişiklik layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq təqdim edildi, 2021-ci ilin 2 aprel tarixində Milli Məclisdə 3-cü oxunuşda qəbul olundu.

İnzibati Xətalar Məcəlləsinə  “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahəsində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətləri” adlı yeni 16-1-ci fəsil əlavə edilib.

Məcəlləyə edilmiş dəyişikliklər işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsinin elektron informasiya sistemləri vasitəsilə aparılmasını nəzərdə tutur. Eyni zamanda Məcəlləyə inzibati xəta törətmiş fiziki, vəzifəli və hüquqi şəxslər barədə elektron qaydada icraatın aparılması ilə bağlı əlavələr də edilib.

- Elektron qaydada icraat prosesi necə həyata keçiriləcək?

-İnzibati Xətalar Məcəlləsindəki 8 maddədə (191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələr) nəzərdə tutulmuş inzibati xətalar dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş hüquqi şəxsin iştirakı olmadan onun barəsində real vaxt rejimində elektron protokol tərtib olunacaq. Bu e-protokol “Elektron imza və elektron sənəd haqqında” Qanunla müəyyən edilmiş qaydaya uyğun olaraq elektron sənəd qismində olacaq.

İnzibati xətanı törətmiş fiziki və vəzifəli şəxslər barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılacaq.

Həm e-protokol, həm e-qərar Nazirliyin aidiyyəti əməkdaşlarının gücləndirilmiş e-imzası ilə təsdiqləndikdən sonra real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə “ASAN ödəniş” sisteminə göndəriləcək.

Barəsində inzibati xəta haqqında e-protokol tərtib edilmiş hüquqi şəxs e-protokolda qeyd olunan cəriməni 10 gün müddətində ödədikdə protokolla razılaşmış olacaq. Belə olan təqdirdə həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab ediləcək. Qeyd olunan müddətdə cəriməni ödəmədiyi halda isə həmin e-protokol baxılması üçün bir gün müddətində məhkəməyə göndəriləcək.

Fiziki və vəzifəli şəxs barəsində inzibati tənbehvermə haqqında e-qərar həmin şəxsin elektron kabinetində yerləşdiriləcək, bu barədə məlumat mobil telefon nömrəsinə, elektron ünvan və poçt ünvanına göndəriləcək.

- Bəs e-icraat prosesi, yəni e-protokol və e-qərar tərtibi hansı istiqamətlərdə aparılacaq?

Bu proses aşağıdakı istiqamətlərdə yol verildiyi aşkar olunan inzibati xətalarla bağlı həyata keçiriləcək:

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın bağlanmaması;

Pensiya haqqında qanunvericiliyin pozulması;

Əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərə cəlb olunması;

İşçiyə (işçilərə) qanunvericiliklə müəyyən edilmiş əməkhaqqından aşağı əməkhaqqı verilməsi;

Kvota üzrə müəyyən edilmiş iş yerlərinə qəbul etməmə,

Müavinət alan şəxs tərəfindən müavinətlərin dayandırılmasına səbəb olan hallar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsi;

kvota üzrə aylıq hesabatın təqdim edilməməsi;

işçiyə minimum əməkhaqqıdan aşağı məbləğdə əməkhaqqının verilməsi və s.

- Hansı hallarda əmək qanunvericiliyinin pozulmasına görə cərimələr tətbiq edilir?

- Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması, işçiyə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi hallarına görə cərimələr nəzərdə tutulur.

Onu da qeyd edim ki, İcbari Sığorta Bürosunun elektron informasiya ehtiyatı ilə “Əmək müqaviləsi bildirişi” altsisteminin inteqrasiyası imkan verir ki, biz bədbəxt hadisə və peşə xəstəlikləri ilə bağlı icbari sığorta məlumatlarını daha rahat əldə edək.

 

Beləliklə, bundan sonra əmək qanunvericiliyi sahəsində qanun pozuntusuna yol verdiyi aşkar edilən fiziki və vəzifəli şəxslər barəsində e-qərar, hüquqi şəxslər barəsində isə e-protokol tərtib olunacaq.

- Bəs e-icraat prosesi nə vaxt həyata keçiriləcək?

- Hazırda Nazirliyin müvafiq struktur bölmələri tərəfindən qeyd edilən istiqamət üzrə vahid e-platformanın qurulması üçün tamamlanma işləri aparılır. Funksional tələblər hazırlanaraq növbəti mərhələyə keçilib. Hazırda sistemin tam hazır olması üçün işlər yekunlaşmaq üzrədir.

- İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi sahəsində indiki vəziyyət necədir və görülən işlərin nəticələrinə dair hansı statistik göstəricilər var?

- İlk növbədə qeyd etməliyik ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin əmək qabiliyyətinin davamlı itirilməsi halları (əlillik) və ya vəfatı ilə nəticələndiyi hallarda qeyd olunan sığorta onun və ailəsinin gələcək təminatına zəmanət yaradır. Ona görə də istehsalatda əməyin mühafizəsi və icbari sığortanın əhatə dairəsinin genişləndirilməsi üzrə daha ciddi addımlar atılmalı və nəzarət tədbirləri güclənməlidir.

Bu istiqamətdə monitorinq məqsədi ilə İcbari Sığorta Bürosunun müvafiq informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə inteqrasiya olunması işləri ötən il tamamlanıb. Bu yenilik icbari sığorta müqavilələrinin monitorinqinin aparılması sahəsində elektron sistem üzərindən nəzarətin həyata keçirilməsinə imkan yaradıb.

Nəticədə Dövlət Əmək Müfəttişliyi Xidməti icbari sığorta müqaviləsi bağlamayan işəgötürənləri “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən müəyyən edir və həmin sistem vasitəsi ilə onlara müvafiq xəbərdarlığı onlayn qaydada ünvanlayır. Həmin işəgötürənlərə icbari sığorta müqaviləsi olmayan işçiləri ilə bağlı məlumatlar elektron qaydada təqdim edilir. Bu sahədə qanun pozuntusuna yol vermiş işəgötürənlər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Ümumilikdə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarına Dövlət Əmək Müfəttişliyi Xidmətinin elektron sistem üzərindən həyata keçirdiyi ardıcıl nəzarət tədbirləri nəticəsində son bir ildə 101 min işçi ilə icbari sığorta müqaviləsinin bağlanılması təmin edilib. 57 işəgötürən barəsində inzibati tədbirlər görülüb. Son 2 ildə işçilərin qeyd olunan hallardan icbari sığortası üzrə həm işəgötürənlərlə bağlanan müqavilələrin sayında, həmçinin həmin icbari sığorta üzrə yığımlarda 53% artım qeydə alınıb.

İşəgötürənlərə tövsiyə edirik ki, qanunun tələblərinə tam əməl etsinlər, əmək münasibətlərini əmək müqaviləsi ilə rəsmiləşdirsinlər, işçilərin icbari sığorta olunmasını və əməkhaqlarının qanunvericiliyə uyğun müəyyən edilməsini təmin etsinlər.

İnzibati tədbirlərdən əvvəl ilk mərhələdə işəgötürənlərin maarifləndirilməsinə, onlara hüquqi-metodiki yardım edilməsinə xüsusi diqqət yetirilir. Onlarla onlayn formada görüşlər də keçirilir, əmək qanunverciliyinin tələbləri barədə onlara ətraflı məlumatlar verilir. İnzibati xətalar zamanı da ilk növbədə xəbərdarlıqlar edilir, məlumatlandırma işi aparılır. Təbii ki, bu xəbərdarlıq və məlumatlandırmadan sonra da qanunvericiliyin tələblərinə əməl etməyənlər barəsində müvafiq inzibati tədbirlərin görülməsi qaçılmaz olur.

Mənbə: Qafqazinfo.az

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər